Məşhur aparıcı Aytən Səfərova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsini və komitənin sədri Hicran Hüseynovanı tənqid edib. O, Xəzər TV-nin "Xəbər ertəsi" proqramında bildirib ki, bu komitələ heç bir iş görmür və lazım olan vaxtda tapılmırlar.
“Bu problemlərlə məşğul olan komitələr hardasız? Budur ailə, budur uşaq, budur problem. Bundan öncə Xətai rayonunda yerləşən 3 saylı uşaq evində yeniyetmənin problemi televiziya kanalları vasitəsilə həll edildi. Biz sizə nə qədər zəng elədik, heç biriniz çıxıb açıqlama vermədiniz. Hardasız? Siz də qadınsız, siz də uşaq olmusuz. Amma bu gün Azərbaycanda reallıq budur ki, yeniyetmələr, uşaqlar normal qərar verə bilməyən, normal düşünə bilməyən anaların, böyüklərinin qurbanına çevrilir. Başı pozuq bir ana öz 13 yaşlı qızcığazını 37 yaşlı boşanmış bir kişiyə nişanlayır. Hardadır aidiyyəti qurumlar?”,-deyə Aytən Səfərova qeyd edib.
Aparıcı bu tip məsələlərə biganə qala bilmədiyini, bir ana və qadın olaraq narahat olduğunu bildirib:
“Uşaq deyir mən istəmirəm, anam nişanlayıb. Ana da özünə görə min səbəb gətirir. Bu uşaq da bizim balamızdır, bu ailə məsələsi deyil. Buna müdaxilə etmək lazımdır. Bizim ən böyük bədbəxtliyimiz elə budur. Hamı “əşi nə işimə qalıb, özləri bilər” deyir. Hansısa ailədə uşaq şiddət görürsə, bütün qonşular, qohumlar bunu bilir və susur. Heç kim buna qarşı çıxmır. Amma bu işlərlə dövlət qurumları məşğul olmalıdır. Bax belə, 13 yaşında qızları ərə vermək cinayətdir və bu cinayətin yarısı da o, komitələrin ucbatından baş verir. Onlar qəşəng zallarda, güllü-çiçəkli otaqlarda yığışırlar, ancaq statistika verirlər. Ortada çay-kofe içirlər, adı olur iş. Vəssalam bu qədər. Təssüf”
medicalmedia.az
Saglamolun.Az