İspaniyada ilk dəfə olaraq robot cərrahiyyə üsulu ilə xəstəyə ağciyər transplantasiyası həyata keçirilib. Əməliyyat Barselona şəhərində “Vall d'Hebron” Xəstəxanasında baş tutub.
Bu barədə bölgənin səhiyyə qurumları məlumat yayıb.
Ağciyər transplantasiyasının qabırğalara zərər vermədən döşün altından kiçik kəsiklə uğurla həyata keçirildiyi bildirilib.Əməliyyat 5 saat davam edib.
Xəstəxananın ağciyər xəstəlikləri şöbəsinin müdiri Albert Jauregui, oxşar əməliyyatın yalnız Nyu-Yorkdakı Mount Sinai Xəstəxanasında edildiyini, lakin orada robot cərrahiyyənin köməyindən qismən istifadə edildiyini diqqətə çatdırıb.
“Döş qəfəsində böyük bir kəsik açılmalı və orqanlara çatmaq üçün qabırğaların qırılması lazım olduğu üçün ağciyər nəqli çətin əməliyyat hesab olunur. Yeni texnika sayəsində döş qəfəsində belə bir kəsik olmadan və qabırğalara zərər vermədən əməliyyat mümkündür”-deyə Albert Jauregui qeyd edib.
Mütəxəssis həmçinin vurğulayıb ki, yeni texnika sayəsində əməliyyatdan sonrakı reanimasiya, xəstəxanada qalma müddəti və ağrılar azalır,tənəffüs reabilitasiyasının irəliləməsi daha asan şəkildə olur.
Qeyd edək ki, robot cərrahiyyə ilə ağciyər transplantasiyası əməliyyatı keçirən 65 yaşlı Xavier nəticədən çox məmnun olduğunu və əməliyyatdan sonrakı dövrdə heç bir ağrı hiss etmədiyini deyib.
Zeynəb Müzəffərli
Saglamolun.Az