Kompyuter istifadəçiləri, diqqət! Omega-3 göz quruluğunun təsirlərini azaldır

Omega-3 yağ turşusunun kompyuterdən həddindən artıq istifadə ilə bağlı yaranan göz quruluğunun təsirlərini azaltdığı müəyyən olunub.

Habertürk.com saytının məlumatına görə, Hindistanda elm adamlarının 478 insanın iştirakı ilə apardığı 3 ay davam edən araşdırma omega-3 yağ turşusunun göz quruluğunun yol açdığı iltihabi prosesi azalda biləcəyini aşkara çıxarıb.

Elm adamları iştirakçılardan bəzilərinə gündə 2 omega-3 həbi, bəzilərinə isə zeytun yağı tərkibli həb verib. Omega-3 qəbul edən insanlarda göz quruluğunun əlamətlərinin azaldığı məlum olub. Həmçinin bu insanlarda gözün nəmlənməsində rol oynayan goblet hüceyrələrinin daha artıq olduğu müəyyən olunub.

Araşdırmanın nəticələri "Contact Lens & Anterior Eye" jurnalında dərc olunub.

Kompyuter arxasında uzun müddət oturmaq göz sağlamlığna təhlükə yarada biləcək bir çox amilin bir araya gəlməsinə və bəzi qalıcı narahatlıqların yaranmasına yol aça bilər.

Kompyuterdən həddindən artıq istifadə göz yorğunluğu, gözlərdə və gözlərin ətrafında ağrı, yanma, batma, quruluq hissi, qaşınma, qızartı, sulanma, bulanıq görmə, diqqəti toplama çətinliyi, gözləri qıyaraq baxma, işığa qarşı hissiyyatlılıq, göz qapaqlarında iltihab, başağrısı kimi problemlərə səbəb ola bilər.

Bu problemlərin aradan qaldırılmasında yardımçı olan Omega-3 ton balığı, qızılbalıq kimi qidalarla yanaşı kətan toxumu, mixək, ispanaq, soya paxlası kimi qidalarda da bol miqdarda mövcuddur.

Saglamolun.Az




 

 

 

KIDSPORT – uşağın sağlamlığı və inkişafı üçün hər şey

 


Яндекс.Метрика