20 nömrəli məktəbdə şagirdlər arasında zəhərlənmənin səbəbi bilindi - YENİLƏNİB

14:50

Baş verən hadisə ilə əlaqədar TƏBİB açıqlama verib. 

Məlumatda bildirilib ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib.

6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir.

14:00

Bakıda məktəblilər arasında zəhərlənmə olub. 

Məlumata görə, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb. 

Sağlamolun.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bidirib ki, Bakıdakı 20 nömrəli orta məktəbdə 10-a yaxın şagird quş əti tərkibli qida qəbul edib.

O söyləyib ki, şagirdlər mədə ağrısı şikayətləri ilə müraciət ediblər:

“Məktəbə təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir.

Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək”.

Qeyd edək ki, zəhərlənən şagirdlər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar.

 

Saglamolun.Az