Hər 4 müəllimdən biri vəzifəsini itirə bilər – Təhsil ekspertindən ŞOK AÇIQLAMA

“Sertifikatlaşdırma imtahanlarının birinci mərhələsi çərçivəsində keçirilən son test imtahanlarda 78 % təhsilverən uğur qazanıb.

Lakin bu rəqəmin belə yüksək olması Bakı, Sumqayıt, Abşeron, Gəncə kimi mərkəzi və iri şəhərlərin bu prosesdə iştirakı ilə bağlıdır”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu prosesdə Siyəzən, Quba və Xızı kimi rayonların müəllimləri bir qədər yüksək nəticələr göstərsələr də, digər bölgələrin təhsilverənləri yalnız 40%-70% aralığında uğur qazana bilib:

“Buna sertifikatlaşmanın birinci mərhələsindən 40% nəticə ilə keçid balını toplayan Daşkəsən rayonunu və 50% nəticə ilə keçid balını toplayan Samux rayonunu nümunə kimi göstərmək olar. Bütün bunlar onu deməyə əsas verir ki, buraxılış imtahanlarında aşağı nəticə göstərən digər bölgələrin müəllimləri növbəti imtahan proseslərində də analoji aşağı nəticə göstərəcəklər və uğur qazanmayan müəllimlərin sayı iki dəfə artaraq 30 faiz civarına qalxa bilər.

Son nəticədə isə hər 3 və ya 4 müəllimdən biri vəzifəsini itirə və bu belə müəllimlərin işlədiyi çətin relyefli rayonlarda müəllim çatışmazlığına gətirib çıxara bilər. Müəllimlərin İşə Qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin 99%-i, müsabiqəsiz işə qəbul edilənlərin isə 77%-i sertifikatlaşdırma prosesinin birinci mərhələsindən uğurla keçib.

Müəllimlərin İşə Qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin orta sertifikatlaşdırma balı 53-ə, müsabiqəsiz işə qəbul edilənlərin balı isə 39-a bərabər olub. Nazirliyə birbaşa tabe təhsil müəssisələrində sertifikatlaşmaya cəlb edilən müəllimlərin 15%-i keçid balını toplaya bilməyiblər və onların orta sertifikatlaşdırma balı 46-ya bərabər olub”.

Ekspert qeyd edib ki,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərindən sertifikatlaşdırmaya cəlb edilən müəllimlərin isə 14%-i keçid balını toplaya bilməyib, orta sertifikatlaşdırma balı 43-ə bərabər olub:

“Ümumilikdə sertifikatlaşdırmanın test mərhələsinə cəlb edilən müəllimlərin 22 %-ikeçid balını toplaya bilməyib və onların orta sertifikatlaşma balı isə 40-a bərabər olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərindən sertifikatlaşmaya cəlb edilən müəllimlərin 86%-i, Elm və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin müəllimlərinin 85%-i,  Abşeron – Xızı Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin 80%-i, Quba – Xaçmaz Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin 71%-i və  Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin isə yalnız 56%-i keçid balını toplayaraq növbəti mərhələyə keçiblər.  Beləliklə proqnoz vermək olar ki, ölkədəki müəllimlərin ən azı 25%-nin maaşı artmayacaq, ən yaxşı halda 50%-nin maaşı 10 %  və 25%-nin maaşı isə 35 % arta bilər”.

Saglamolun.Az