Metroda ölüm halları: bu şəxslər diqqətli olsun - Həkim

Ürəyində problem olan insanlarda qapalı və sıxlıq olan məkanlarda karonar damarlarda spazm yarana, infarkt keçirə bilər.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında M.A.Topcubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həkimi Sevil Tərlanova son günlərdə qapalı məkanlarda, xüsusilə də metrolarda ürək tutmasından dünyasını dəyişənlərin sayının artması barədə danışarkən deyib.

O bildirib ki, son zamanlar ekologiya və zərərli qidalarla əlaqədar ürək-damar xəstəliklərinin sayı artıb:

"Ürəyində problem olan insanlar mütləq həkim müayinəsindən keçməlidir. Kişilərdə daha çox 40, qadınlarda isə 45 yaşdan yuxarı koronar (ürək-damar xəstəliyi) problemlər başlayır. Belə xəstələr hündürlük və aşağı atmosfer təzyiqi olan yerlərdə kriz keçirə bilər".

S.Tərlanovanın sözlərinə görə, ürək problemi olan insanlarda maskalardan istifadə də tənəffüsə mənfi təsir göstərir:

"İnsanlar maska seçimində diqqətli olmalıdır. Nəfəs verərkən maska ağızda şişirsə, bu, çox təhlükəlidir".

Saglamolun.Az