Bakıda uşaq dünyaya gətirmək neçəyə başa gəlir?

Dövlət tibb protokoluna əsasən, hamilə olan qadın ayda bir dəfə həkim müayinəsinə getməlidir. Həkimin qəbulu üçün hamilə hər dəfə 10-150 (dövlət və özəl) manat arası pul ödəməli olur.

Digər tərəfdən, hər bir qadın hamiləlik dövründə ən azı 3 dəfə ultrasəs və 1 dəfə doppler (3D) müayinədən keçməlidir. Burada qiymətlər 20-150 manat arası dəyişir, tək doppler isə 70 manat və daha yuxarı qiymətədir.

Paytaxtın doğum evlərində qeyri-rəsmi qiymətlər 400 və 800 manat arasındadır. Məsələn: Respublika Kliniki Xəstəxanasında təbii doğuş üçün bizə 400 və 600 manat deyildi, qeysəriyyə əməliyyatı isə 700 manat. Qara Qarayevdə yerləşən 7 saylı doğum evində doğuş 400 manat, qeysəriyyə əməliyyatı isə 800 manata başa gələcək. 3 saylı Sabunçu Xəstəxanasında qiymətlər 300-500 manat arası dəyişir. Bu pul ancaq doğuşun aparılması üçün xərclənən vəsaitdir. Pasiyentin xəstəxanada qaldığı günlərdə həkimə, tibb bacısına, dayəyə verilən pulu da bura daxil etsək, büdcə daha da böyüyür.

Paytaxt xəstəxanalarında ana ilə körpə 5-7 gün qalır. Üstəlik əksər dövlət xəstəxanalarında ana üçün yeməyi kənardan yaxınları gətirməlidir. Bu isə ən azı gündə 3 dəfə qidalanmaq üçün əlavə xərcdir. Uşağa aid olan ilkin ləvazimatların (pampers, süni qida, dəyişək paltar) hər birini öncədən valideynlər alıb tibbi personala verməlidir. Beləliklə, minimal 1 qutu yeməyin ən aşağı qiyməti 8 manat, 1 böyük qutu pampersin minimal qiyməti 12 manat və pal-paltar, əski, uşaq üçün əmzik 30-50 manat arası başa gələcək.

Özəl klinikalarda doğuş etmək minimal 760 manatdan başlayacaq. Buraya 2 gün qalmaq, ananın qidalanması, uşağa aid bütün xərclər daxildir. Belə ki:

Klinikalar                             Təbii doğuş                       Qeysəriyyə

Baku Medikal Plaza                   1200 AZN                            1400 AZN

“Oksigen” klinikası                    1000 AZN                            1300 AZN

“German hospital”                     900 AZN                             1200 AZN

“Bono Dea”                             1800 AZN                     2500-3000 AZN

“İnternational”                          750 AZN                              1050 AZN

Mərkəzi Gömrük Hospitalının

nəzdində “Bahceci”                  1500 AZN                             1750 AZN

Caspian İnternational

Hospital                                  1000 AZN                             1200 AZN

Vital Klinika                              760 AZN                              1000 AZN

Leyla Şıxlinskaya                     1200 AZN                              1400 AZN

Elə cütlüklər var ki, süni mayalanmaya üz tuturlar. Qiymət paketləri özəl klinikalarda 3200 manatdan başlayır. Buraya ancaq dərman preparatları və mayalanma daxildir. Digər 9 ay ərzində müayinələr və doğuşun xərci ayrıdır./insanoid.com

Saglamolun.Az