Koronavirusa qarşı vaksinin Milli peyvənd təqviminə daxil olacağı istisna edilmir

Koronavirusun kökünü kəsmək, yəni, infeksiyaya yeni yoluxma sayını sıfıra endirmək mümkün olmazsa, çox güman ki, növbəti illərdən körpələrdə də COVID-19 əleyhinə peyvəndləmə prosesinə başlanılacaq.

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, Azərbaycanda təsdiq olunmuş peyvənd təqviminə əsasən, uşaqlarda planlı olaraq 11 infeksiyaya qarşı peyvənd aparılır: “Beləliklə, koronavirus infeksiyasının planlı peyvədləmənin həyata keçirildiyi 11 infeksiya siyahısına daxil olacağı istisna edilmir”.

Baş pediatr bildirib ki, indiki qaydalara əsasən, ölkəmizdə yalnız 18 yaşdan yuxarı şəxslər vaksinasiyadan keçə bilərlər: “Lakin xarici ölkələrdə müvafiq şirkətlər COVID-19 əleyhinə vaksinləri uşaqlar üzərində sınaqdan keçirməyə başlayıblar. Vaksin istehsal edən həmin şirkətlər, adətən, mərkəzi klinikalarla müqavilə imzaladıqdan sonra peyvəndin sınağına başlayırlar. Əgər belə razılaşma olarsa, Azərbaycanda da uşaqlar üzərində müvafiq vaksinin sınağına başlanıla bilər. Ümumiyyətlə, uşaqlarda vaksinasiya prosesinin daha sonraya qalmasının əsas səbəbi ondan ibarətdir ki, COVID-19, bir qayda olaraq, uşaqlarda daha az fəsad verir və yüngül keçir. Bu səbəbdən, vaksinlər, əsasən, risk qruplarında sınaqdan keçirilir”.

Qeyd edək ki, Avropada və ABŞ-da vaksin istehsal edən bir neçə şirkət peyvəndləri uşaqlar üzərində sınaqdan keçirməyə başlayıblar.

Saglamolun.Az