“Ağrılarım kürəyimə və böyrəklərimə vurub. İndi isə qarın hissəmə vurur. Kimyaterapiya hansısa bölgəyə təsir edir. Bu da məni çox incidir.
Qarın hissəmdən beş dəfə əməliyyat olunmuşam. Bərk ağrılarım var. Çalışıram ki, yıxılmayım”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Toppuş bacı” təxəllüsü ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” sosial-ictimai proqramının canlı efirinə “Skype” vasitəsi ilə qoşularkən deyib.
Sağlamlığında ciddi problemlər yarandığını bildirən aktrisa şişin ağciyərlərində aşkarlandığını bildirib:
“Şiş əvvəl uşaqlıq boynunda tapıldı. Kimyaterapiya alıb, şişin axırına çıxdıq. Aprel ayında böyrəyimin damarlarında törəmələrin olduğunu öyrəndim. Koronavirus pandemiyası ilə əlaqədar xəstəxanaya gedib, kimyaterapiya ala bilmədim. Çünki mənim kimi xəstə insanların immun sistemi aşağı olur və virusa tez yoluxa bilərik. İki ay kimterapiya dərmanlarını qəbul etdim. Bu həftənin əvvəlində yenidən MRT müayinəsindən keçdim, yaxşı xəbərlər aldım. Nə böyrəyimdə, nə də ki, uşaqlıq yolunda şiş tapılmadı.
Lakin ağciyərimin müayinə cavabı gələndə çox pis oldum. Ağciyərimdə şiş aşkarlanıb. İkinci gün bu cavabı alan kimi, həkimlər dərhal məni xəstəxanaya yerləşdirdilər. Qanım aşağı olduğundan tam kimyaterapiya ala bilmirəm. Ona görə də həkimlər kimyaterapiyanı iki hissəyə böldülər. Birinci hissəni almışam. İkinci hissəni isə iyunun 16-sı alacağam.
Qarın hissəmdə çox bərk ağrılarım var. Ağrılar o qədərdir ki, yüksəkdən danışa bilmirəm. Ailəm mənə çox dəstək olur. Güclü olmaq bəzən də pisdir. Allaha pənah deyirəm. Yıxılan insan deyiləm. Amma bəzən görürsən ki, güclü olmaq çox pisdir...(ağlayır)”.
Qeyd edək ki, bu xəstəlik Əməkdar artistdə 2018-ci ildə aşkarlanıb. Tünzalə Əliyeva bir neçə cərrahiyyə əməliyyatı keçirib və kimyaterapiya alıb.
Saglamolun.Az