Yeni il yaxınlaşdıqca, insanlar onu harada keçirsələr daha maraqlı olacağı haqqında narahatlıq keçirirlər.
Kimi evində ailəsi ilə, kimi isə restoran, istirahət mərkəzləri və xarici ölkələrdə keçirmək istəyirlər. Əlbəttə ki, bu da ailə büdcəsindən asılıdır. El diliylə desək, hər kəs "ayağını yorğanına görə uzatmalıdır". Bəs görəsən ev şəraitində 4-5 nəfərdən ibarət ailənin ortabab bayram süfrəsi hazırlaması üçün nə qədər vəsait lazımdır?
Saglamolun.Az "ölkə.az"-ın bayram süfrəsinə daxil olan təamların orta bazar qiymətləri haqqında apardığı kiçik araşdırmanı təqdim edir.
Bugünkü menyumuza daxildir: Paytaxt salatı, dolma, aş və sobada toyuq.
Bundan əlavə süfrənin soyuq qəlyanaltılarını da hesablasaq: pomidor, xiyar, göyərti, çörək və meyvə şirələri.
Minimal yemək sayı olan menyunun neçəyə başa gələcəyini orta bazar qiymətləri ilə hesablamağa çalışdıq.
Paytaxt salatı ( 1 kq kartof - 85 qəpik, 300 qr yerkökü - 30 qəpik, 6 ədəd yumurta- 65 qəpik, 300 qr duzlu xiyar - 1.15 qəpik, 200 qr yaşıl xiyar - 1.20 manat, 400 qr mal əti - 5 manat, 1 banka konservləşdirilmiş, göy noxud - 1.80 manat, keşniş, şüyüd,- 40 qəpik, mayonez 200 qr mayonez - 1 manat, 1 banka xama - 1.65 manat) bizə 14 manata başa gələcək.
Dolma üçünsə biz (500 qr qoyun əti - 6.50 manat, 2-3 dənə soğan- 30 qəpik, 1 dəstə şüyüd, 1 dəstə keşniş, 1 dəstə nanə - 60 qəpik, 150 qr yumru düyü - 20 qəpik, yarpaq - 2 manat, qatıq- 1.20 manat)- cəmi 10 manat 80 qəpik xərcləməli olacağıq.
Süfrələrin şahı plov üçün isə (1 kq düyü - 4 manat, 250 qram şit yağ- 3.70 qəpik, 500 qram ət - 7 manat, 1 kiloqram soğan -30 qəpik, 300 qram təmizlənmiş şabalıq -3 manat, 100 qr alça turşusu - 1.83 manat, zəfəran 2 qram- 2 manat) - 21 manat 83 qəpik ödəyəcəyik.
Sobada toyuq üçün isə 1 ədəb broyler toyuq alsaq, buna görə, 5-6 manat xərcə düşəcəyik.
Yeməkləri bişirdikdən sonra sıra bayram süfrəsini bəzəməyə gəldi. Yeməkləri bişirmək nə qədər yorucudursa, onları süfrəyə düzüb, qonaqlara düzgün təqdim etmək bir o qədər çətin işdir.
Sizə sadə bir süfrə bəzəmək (pomidor - 500 qram - 1.15 manat, xiyar- 500 qram- 1.65 manat, göyərti ortalama 3-4 dəstə - 60 qəpik, çörək - 1 manat, meyvə şirələri 2-3 qab- 5.25 manat) - 9.65 manata başa gələcək.
Yemək yedikdən sonra süfrələri şirniyyatlar bəzəyir. Orta statistik ailə məvacibi olan insanların şirniyyat süfrəsini nə bəzəyir? Buna görə, mağazaya yollanıb orta ölçülü tort alsaq, bu bizə 25-30 manata başa gələcək. Bundan başqa süfrəyə konfet, limon və çay düzsək 10-15 manat xərcə düşməli olacağıq.
Sonda süfrələri bəzəyən meyvəyə keçək. Bunun üçün ən azı bizə alma, armud, banan, naringi lazım olacaq. Bəs, bu meyvələr bizə neçəyə başa gələr?
Bazar qiymətlərinə görə, bu bizə (alma - 500 gram - 1 manat, armud - 500 qram - 2 manat, banan - 500 qr - 1.10 manat, narincı -500 qram- 90 qəpik) 5 manata başa gələcək.
Yeni ili evimizdə, ailəmizlə süfrə başında qeyd etsək ümumi bizə yemək süfrəsi bizə 62.28 manata çay süfrəsi isə 40 manatdır.
Sondakı nəticələrə görə, yeni il süfrəsi üçün biz 102 manat 28 qəpik xərcə düşəcəyik.
Süfrəniz hər zaman açıq olsun!
Saglamolun.Az