ABŞ-da həkim qadınları mayalandırmaq üçün öz spermasından istifadə edirdi

Kolorado (ABŞ) sakini Çeril Emmons 1980 və 1985-ci ildə klinikaların birində süni mayalanma prosedurlarından keçib.

Həkim qadına bildirib ki, mayalanma üçün sperma bankında bioloji materialı olan anonim donorun spermasından istifadə olunub.

Süni mayalanma nəticəsində 2 qız uşağı Maya və Tanya dünyaya gəlib. Valideynlər qızların süni mayalanma nəticəsində doğulmasını gizli saxlayırdılar.

Saglamolun.az The Mirror-a istinadla xəbər verir ki, illər sonra Mayaya İnternet vasitəsilə bir tanımadığı kişi müraciət edib. Kişi bildirib ki, Maya və onun bacısı ona çox bənzəyir. Məlum olub ki, bu kişi də süni mayalanma nəticəsində eyni Kolorado klinikasında dünyaya gəlib. Kişi güman edib ki, onların doğulması üçün eyni spermadan istifadə olunub.

Çeril və onun həyat yoldaşı qızlarına onların doğulması ilə bağlı sirrini açmağa məcbur olub.  

Maya araşdırma aparıb və məlum olub ki, 2 bacıdan başqa 8 tanımadığı insanın DNT-si onların DNT-sinə  çox yaxındır. Bütün bu insanlar 1976-1997-ci illər arasında eyni Koloradoda yerləşən klinikada dünyaya gəliblər.

Emmons ailəsi mayalanmanı  icra edən Pol Cons adlı həkimə müraciət edərək ondan bu vəziyyəti aydınlaşdırmağı tələb edib. Lakin həkim sualları cavablandırmaqdan imtina edib. Emmons ailəsi məhkəməyə müraciət edib. Onların fikrinə görə, həkim qadınları mayalandırmaq üçün öz spermasından istifadə etmişdir.

Saglamolun.Az