Şəkidə qeyri-adi hadisə: evin əşyaları öz-özünə yanır – Video

 

Hadisənin baş verməsi kameraya çəkilib.

Şəkinin Vərəzət kəndində Həsənovlar ailəsində son bir həftə ərzində müəmmalı hadisə yaşanır.

Oxu.Az “KanalS”-ə istinadən xəbər verir ki, ailə üzvləri təşviş içindədir.

Belə ki, mənzildə qəflətən yanğın hadisələri baş verir. Ən maraqlısı isə yanğının səbəblərinin məlum olmamasıdır. Əvvəlcə yanğının elektrik naqillərindən və ya odun sobasından baş verə biləcəyini düşünən ailə üzvləri mənzilin bütün elektrik naqillərini əsas xəttdən ayırıb, odun sobalarını isə evdən çıxarıblar.

Lakin bundan sonra yanğının baş verməsi ev sahiblərini sözün əsl mənasında təşvişə salıb.

Qeyd edək ki, yanğın sadəcə evdəki əşyalarda baş verir. Gün ərzində bir-iki dəfə təkrar olunan yanğın ailə üzvlərinin gözü qarşısında yaşanmır.

Ötən gün isə “KanalS”-in əməkdaşları hadisə yerində olub və bu dəfə hadisə onların gözü qabağında baş verib.

Hadisənin təfərrüatları ilə maraqlanmaq istəyən jurnalist hadisə yerinə - Vərəzət kəndinə yollanıb. Məlum olub ki, baş verən hadisələrdən sonra ev sahibi gəlininin cehizlərini yağış altında qalmasın deyə ata evinə aparıblar.

Həsənovlar baş verənləri danışdığı bir vaxtda gəlinin ata evində çaxnaşma düşüb. Belə ki, əşyalar həmin evdə də yanmağa başlayıb. Çəkiliş qurupu da ev sahibləri ilə birgə hadisə yerinə gedib. Hər şey onların gözü qarşısında baş verib.

Təşvişə düşən insanlar əşyaları evdən çölə atıblar.

Demək olar ki, hər kəs bu müəmmalı hadisənin şokunu yaşamaqdadır. Ailə, kənd sakinləri, din xadimləri - hər kəs yanğının nədən baş verdiyini anlamağa çalışırlar.

Qeyd edək ki, Həsənovlar ailəsində bu hadisə ilk dəfə noyabr ayında qeydə alınsa da, dekabrın 18-dən etibarən intensivləşib. Hər gün müxtəlif saatlarda ev əşyaları yanğına məruz qalır.

Saglamolun.Az