"Ümumiyyətlə, meyvələr günəş şüasının optimal olduğu dövrdə yetişməlidir. Bu zaman meyvənin tərkibində gedən proseslərə görə xarakterik dadı əmələ gəlir”
Meyvə-tərəvəz mövsümü yaxınlaşanda çoxumuz bu məhsulların təbii şəkildə yetişməsinə səbr edə bilmirik. Görünüşünə aldandığımız meyvələri elə həmin dəqiqə alıb nübar etməyə tələsirik. May ayı olmasına baxmayaraq bazarda demək olar ki, bütün meyvələrə rast gəlinir. Xüsusilə son günlər bazarda həddindən artıq iri ölçülü çiyələklərin satışını görürük.
Alıcılar bildirir ki, hazırda satışda olan çiyələklər ənənəvi ölçüdən olduqca böyük, eyni zamanda dadsızdır. Çiyələklər nə qədər cəlbedici görünüşə malikdirsə, əhali ondan bir o qədər ehtiyat edir. Amma vaxtından əvvəl yetişdirilən, iri görünüşlü meyvələrin orqanizmə zərər vuracağı ehtimalını qulaqardına vuranlar da az deyil.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az” açıqlamasında təəssüflə bildirib ki, ölkəmizə bəzi meyvələr öz fəslində belə xaricdən gətirilir:
"Ona görə də bazarlarda xaotik bir durum yaranır. Yerli istehsal sıxışdılır və müəyyən korporativ maraqlardan həmin yerli istehsala uyğun olan mallar bazara buraxılmır. Hazırda bazarda olan həddindən artıq iri ölçülü çiyələklər, qarpız, yemişlər və digər meyvələr xüsusi iqlim şəraitinə uyğun hazırlanır. Təbii ki, bu iqlim şəraitində onlara müəyyən gübrələr verilir. Beləliklə, həmin məhsullar vaxtından əvvəl və öz ölçülərindən olduqca iri yetişir.
Buna görə də həmin meyvələrin dadı olmur. Ümumiyyətlə, meyvələr günəş şüasının optimal olduğu dövrdə yetişməlidir. Bu zaman meyvənin tərkibində gedən proseslərə görə xarakterik dadı əmələ gəlir. Lakin bazarlarımızda yerli istehsal demək olar ki, sıxışdırılır və ölkəmizdə istehsal oluna bilən bütün məhsullar xaricdən idxal olunur. Burada ayrı-ayrı korporativ maraqlar var. Ona görə də bu cür mənzərənin şahidi oluruq”.
Saglamolun.Az