Azərbaycanlı aktyor ölümlə üz-üzə qaldı: O stressdən, qorxudan sonra 2 il xəstə yatdım

Xalq artisti Əjdər Həmidovun Milli.Az-a müsahibəsi.

- Əjdər bəy, sizin qəribə üz quruluşunuz var. Bu da sizi digər aktyorlardan fərqləndirir.

- Bilirsiniz, bu qaşlar (göstərərək) biri var yuxarı, biri də var aşağı enir. Qaşlar özü də sifətə qəm gətirir.

- Əjdər bəy, zaman-zaman həyat sizi sınaqlarla üz-üzə qoyub. Bu sınaqlar sizi həyatınızda hansı qərarı qəbul etməyə vadar edib?

- Son 5 ildə mən təkliyə qərar vermişəm. İndi tək olmağa üstünlük verirəm. İnsanlarla ünsiyyətdən yorulmuşam, sakitçilik istəyirəm. Bu da mənim xəstəliyimdən sonra baş verdi.

- Nə xəstəlik idi?

- Böyük stressdən sonra əmələ gələn bir xəstəlik idi.

- Bu stress sizdə nə vaxt yarandı?

- "Yoxlama" filminin çəkilişlərində çox təhlükəli səhnələr var. Rejissor Vaqif Mustafayev kaskadyor gətirmişdi ki, məni əvəz etsin. Amma etiraz edib, həmin səhnələri özüm oynamaq istədiyimi bildirdim. Kəndirlərlə bağlayıb məni 5-ci mərtəbədən yerə salladılar. Külək əsdi, məni göydə fırlatdı. O zaman bərk qorxdum, elə bildim ki, ömrümün sonu gəldi. Yerə düşmək təhlükəsi ilə üz-üzə qaldım. O stressdən, qorxudan sonra 2 il xəstə yatdım.

- Xəstəliyə necə qalib gəldiniz?

- Xəstəliyə təslim olmadım, dedim ki, sən məni yıxa bilməyəcəksən. Qarşıma tam məqsəd qoyub, buna qalib gəldim. Hal-hazırda dərmanla yaşayıram, dərman atmasam olmur. Şükür Allaha ki, yenə də teatrda işimin başındayam.

- Elə bir arzunuz varmı, ona hələ də çatmamısız?

- Şükür Allaha, bütün arzularıma çatmışam. İki qızım var, ikisi də ailə həyatı qurub. Həm də mənə babalıq hissini yaşadıblar. Allahdan, sadəcə, bir az ömür istəyirəm.

- Bu dönəmlərdə siz tək idiniz?

- Xeyr, tək deyildim. Ətrafımda qızlarım, bacı, qardaşlarım var idi. O vaxt anam da sağ idi. Anamın yanında qalırdım, onunla nəfəs alırdım.

- Bəs həyat yoldaşı?

- Həyat yoldaşı da öz yerində...

- Sevgini necə yaşamısız?

- Sevgisiz yaşamaq mümkün deyil. Mənim aləmimdə sevgi təkcə qadına aid deyil. Mən sevib evlənmişəm, tələbə ikən onu görüb bəyənmişdim. Xoşbəxt ata ola bilsəm də, xoşbəxt ər ola bilmədim.

- Tək baxmısız qızlarınıza?

- Xeyr, onların bütün işləri ilə anası məşğul olub. Çünki mən aylarla qastrollarda olurdum. O sağ olsun ki, belə qızlar tərbiyə edib.

- Niyə xoşbəxt ər ola bilmədiniz?

- Bəlkə də qastrolların nəticəsi idi ki, xoşbəxt ər ola bilmədim. Ola bilər ki, o qayğını, diqqəti həyat yoldaşıma göstərə bilməmişəm. Biz o qədər işdə-gücdə olmuşuq ki, gecəmiz-gündüzümüz olmayıb.

Saglamolun.Az