Sosial şəbəkələrdə paytaxtın Qara Qarayev, Xalqlar Dostluğu, Əhmədli, Neftçilər, Bakıxanov kimi ərazilərində ötən gün axşam saatlarında havanın çox ağır olduğu barədə məlumat yayılıb.
Oxu.Az-ın xəbərinə görə, bəzi istifadəçilər ürək bulanmasından və baş ağrısından şikayətləniblər.
Onlardan bəziləri bunun yeni qaz xəttinin çəkilişi ilə əlaqədar olduğunu, digərləri havanın çirklənməsi ilə əlaqələndiriblər. Bəzi istifadəçilər bunun hətta “kimyəvi hücum” olduğunu yazıblar.
İstifadəçilər evlərin qapı və pəncərələrini bağlamağa çağırıblar.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Oxu.Az-a açıqlamasında bildirib ki, quruma bununla bağlı heç bir şikayət daxil olmayıb:
“Sakinlər aidiyyəti üzrə müraciət etsinlər. Bundan sonra həmin əraziyə əməkdaşlarımız göndəriləcək və məsələ yerində araşdırılacaq”.
Ölkə.Az-ın verdiyi xəbərə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.
Analizlərin nəticələrinə görə atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub.
4 may 2018-ci il tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib.
Saglamolun.Az