“Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın “Facebook”da yazdığı rəy qalmaqala səbəb olub.
Oxu.Az xəbər verir ki, Babayevanın fikirləri sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Belə ki, istifadəçilərdən biri metroda sıxlığın çox olmasına diqqət çəkib.
Lalə Babayeva isə ona cavabında “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı”, - sözlərini yazıb.
Sosial şəbəkə istifadəçiləri onun bu cavabının kənd adamlarına təhqir olduğunu yazıb və #hamimizkendchiyik heşteqi altında kampaniya başladıb.
Bütün bu olanlardan sonra Babayeva yazdıqlarının düzgün şərh edilmədiyini bildirərək üzr istəyib:
“Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”.
İctimai fəal Bəxtiyar Hacıyev isə L. Babayeva ilə bağlı maraqlı fakt açıqlayıb. O, metropolitendə şöbə rəhbəri olan xanımın "Bakı Metropoliteni” QSC-nin keçmiş sədr müavini Zaur Babayevin qızı olduğunu yazıb.
Məlumat üçün bildirək ki, Zaur Babayev əvvəllər "Bakelektrikşəbəkə”də işləyib, 2014-cü ildə "Bakı Metropoliteni” QSC-yə sədr müavini təyin olunub. Bir il sonra isə bu vəzifədən çıxarılıb.
Saglamolun.Az