Daha bir vətəndaş İnstaqram fırıldağının qurbanı olub - VİDEO

Daha bir vətəndaş İnstaqram sosial şəbəkəsində dələduzluğun qurbanı olub.

Xezerxeber.az bildirir ki, Bakı şəhər sakini Bəbək Həsənov 5 gün əvvəl həmin sosial şəbəkədə ''Panelxidməti'' adlı səhifəyə izləyici sayını artırmaq üçün mesaj yazıb. Səhifəni idarə edən şəxs isə ona bildirib ki, "əgər İnstaqram-da 10 min iziləyəcinin olmasını istəyirsənsə əvvəlcədən deyiləcək telefon nömrəsinə 10 manatlıq kontur göndərməlisən".

Babək Həsənov konturu alıb və şifrəsini ona göndərib. Üzərindən bir müddət keçməsinə baxmayaraq verilən vəd yerinə yetirilməyib.

Aldadıldığını iddia edən Babək Həsənov həmin nömrəyə göndərdiyi konturun geri qaytarılması ilə bağlı mesaj yazıb.

Məsələni araşdırarkən bəlli oldu ki, vətəndaşları aldadan şəxs və ya şəxslər əvvəlcə göstərdikləri xidmət barədə İnstaqram-da mesajlaşandan sonra əsasən xarici ölkələrə məxsus mobil operatorların nömrə kodu ilə whatsapp-da qeydiyyatdan keçib, ödəniləcək məbləğ və kontur şifrəsini həmin nömrəyə göndərməyi istəyirlər.

Elə Babək Həsənovla whatsapp-da yazışan şəxsin nömrəsinə nəzər saldıqda da məlum oldu ki, həmin nömrə Kanada mobil operatoruna məxsus nömrədir. Məsələ ilə bağlı İnstaqram-da həmin səhifəni idarə edən şəxsə mesaj yazdıq. O, məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.

Mütəxəssislər isə vətəndaşlara tövsiyə edirlər ki, aldanmamaq üçün bu cür səhifələrin xidmətindən istifadə etməsinlər.

 

Saglamolun.Az