Azərbaycanın əməkdar artisti, Azərbaycan kino tarixinə töhfələr verən Ənvər Həsənovun səhhəti ilə bağlı millət vəkili Fazil Mustafanın Milli Məclisdəki fikirləri mətbuatın da diqqətindən qaçmadı.
Əməkdar artistin səhhətində ciddi problemlərin olduğu bildirilir. Ə.Həsənovun səhhəti ilə maraqlandıq. Sherg.az-a açıqlama verən əməkdar artist sərt ittihamlar səsləndirdi.
- Ənvər müəllim, necəsiz? Narahatlığınız nədəndir? Səhhətinizdə problemin olmasını millət vəkili Fazil Mustafa gündəmə gətirdi...
- Mənim o qədər problemim var ki, onların hansını deyim, hansından danışım? 2012-ci ildə ağır avtomobil qəzası keçirdikdən sonra beynimdə səs qaldı. Baş nahiyəmdən xəsarət aldığım üçün əməliyyat zamanı beynimdə olan damarlardan biri zədələnib. O vaxtdan beynimdə, qulağımda səs olur, yata bilmirəm, narahatlığım olur. Mən sonralar beynimi tomoqrafiya etdirdim. Müalicələr yazıldı. O gündən dava-dərmanla yaşayıram. Heç vaxt heç kimə ağız açıb, ağlayan kişi olmamışam. Bunu özümə yaraşdırmaram. Sağ olsun yaxşı dostlarım. Onlar mənə dəstək olublar. Fazil Mustafa həqiqətən dəyərli insandı, sadiq dostdur. Əgər o, Milli Məclisdə mənim səhhətimlə bağlı narahatlığını dilə gətiribsə, bu, bir daha onun cəsarətindən xəbər verir. Mənim çörək kəsib, yeyib-içdiyim millət vəkili olan başqa dostlarım var ki, onlar susurlar. Səhhətimdən də xəbərləri var. Düzdü, elə dostlarım da var ki, mənə bildirirlər ki, sənin kimi sənətkar gərək çətinlikdən danışmasın. Bunu mənə yaraşdırmırlar. Sağ olsunlar, dəstək də olurlar. Söhbət təkcə maddi dəstəkdən getmir, eyni zamanda mənəvi dəyərdən danışıram. Amma mən bu gün öz dərdimdən çox qızımın dərdinə yanıram.
- Qızınızın səhhətində ciddi problem var?
- Bəli, qızım zob xəstəliyindən uzun müddətdir əziyyət çəkir. Bu xəstəliyin onun səhhətinə fəsadları var. Mən təqaüd alan aktyoram. Bilmirəm bu qədər müalicələrin, dava-dərmanın pulunu necə çatdırıb. 240 manat təqaüdlə necə dolanım? Həmişə susmuşam. Heç vaxt özümü kiminsə yanında sındırmamışam. Bunu adıma yaraşdırmamışam. Türkiyədən, Hindistandan gələn tanınmış sənətçilər, Rac Kapurundan tutmuş, Türkan Şorayına qədər Bakıya gələndə bağımın qonağı olublar. İndi mənim kimi sənətkara ağlamaq yaraşarmı? 50-dən artıq rolun ifaçısıyam. 53 il kino sənətində olmuşam. "Azərbaycanfilm”dən başqa da iş yerim olmayıb. 53 il sənətə xidmət edən insan olmuşam.
- Yəni bu gün o dəyəri görmədiyiniz üçün bu sizi təsirləndirir?
- Mən dövlətimdən, xalqımdan razıyam. Hər zaman mənə hörmət görmüşəm. Məni Mehriban xanım, İlham Əliyev şəxsən tanıyırlar, mənə hörmətləri var. Mehriban xanım sənətimə, şəxsiyyətimə dəyər verən insandır. Sadəcə, həmişə susmuşam deyə səsim onlara gedib çatmayıb. Mən onlara müraciət etməyi özümə, sənətimə yaraşdırmamışam, ayıb bilmişəm. İnanın, bəzi nazirlər, məmurlar barədə açıqlama versəm, onları həmin gün işdən azad edərlər. Əminəm ki, Mehriban xanım mənim səhhətimdən xəbərdar olsa, maddi sıxıntılarımın olduğunu bilsə, mənə dəstək olacaq. Ancaq mənim dərdimi, sözümü ona çatdırmırlar. Mən də onlara müraciət etmirəm ki, adıma, nüfuzuma yaraşmaz. Mən özüm üçün deyil, qızım üçün onlara üz tutmaq istəyərəm. Amma yenə utanıram. Amma belə də dolanmaq ağırdı. Hər ay dava-dərmanıma 150 manatdan artıq pul lazım olur. Bununla ailəmi necə dolandırım?
- Xaricdə müalicənizin mümkün olduğu deyilir?
- Mən müayinəyə gedəndə, beynimi tomoqrafiyaya salanda orda dedilər ki, xaricdə çarəsi var. Türkiyədə, Almaniyada, bir də İsraildə beynimdə olan səsin aradan qaldırılması mümkündür. Amma bunun üçün böyük vəsait lazımdı. Mənim elə imkanım yoxdur. Mən özümün çarəsini artıq axtarmıram. Heç olmasa, qızımın xəstəliyinə çarə tapılsa, rahat olaram.
Saglamolun.Az