Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO

Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzindəki yanğın söndürülüb.

Oxu.Az-ın xəbərinə görə, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, respublikanın daxili işlər naziri Ramil Usubov, baş prokurorun müavini Rüstəm Usubov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov gəlib.

10:05

Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 20-dən çoxdur.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

İlkin məlumata görə, hadisə zamanı 26 nəfər ölüb.

Xəsarət alanlardan üç nəfər şəxs 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər şəxs isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

09:13

Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Oxu.Az-ın xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində qeydə alınıb.

Yanğın zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 30-dan artıq pasiyent təxliyyə olunub.

Saglamolun.Az