Dünyanı qorxuya salan Zika virusu sürətlə yayılmaqdadır. Artıq Türkiyənin bəzi bölgələrinə çatan virusun daşıyıcısı 2 ağcaqanad növüdür.
Sherg.az xəbər verir ki, təhlükəli virus ilk dəfə 1947-ci ildə Cənubi Amerika ölkələrində müəyyən edilib.
Əlamətləri sırasına yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir. Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər.
Zika virusu həmçinin mikrosefali deyilən xəstəliyə səbəb olur. Mikrosefali xəstəliyinə bu günə qədər Türkiyədə 4 nəfərdə rast gəlinib. Bu 4 nəfər də Cənubi Amerikaya gedən turistlər idi. Məlumata görə, virusun daşıyıcısı olan iki ağcaqanad növü Türkiyənin bəzi bölgələrində artıq yayılmağa başlayıb. Hətta Səhiyyə Nazirliyi yayılan virusla bağlı hesabat hazırlayıb.
Birinci ağcaqanad növü - "Aedes” Şərqi Qaradəniz, Gürcüstan, Krım yarımadasına uzanan bölgədə aktivdir. AE albopictus isə daha məşhurdur və 5-7 ilə qədər Orta Anadoluya yayılacağı ehtimal edilir. Ağcaqanadın adaptasiya qabiliyyətinin yüksək olduğu, yayılma bir növ olduğu bilinir, qış aylarında yaşaya bilir. Türkiyə Səhiyyə Nazirliyinin hesabatında virusun spermada 6 ay yaşadığı bildirilir. Nəticədə virusa yoluxan şəxsdə huşunu itirmə, oynaqlarda problemlər, görmə və eşitmə, yemək və udqunma kimi çətinliklər də olur.
Qardaş ölkənin təhlükəli virusla bağlı həyəcan siqnalı verməsi ölkəmizdə də narahatlıq doğurur. Bəs, Zikanın Azərbaycanda yayılma ehtimalı varmı? Xüsusilə gənc ailələrin yoluxduğu bu virusdan necə qorunmaq olar?
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, viruslar və infeksiyalar sərhəd tanımır. Çünki insanlar bir ölkədən digərinə miqrasiya edirlər, müxtəlif səfərlərdə olurlar. Ona görə də onlar asanlıqla infeksiyanı bir yerdən başqa yerə daşıya bilərlər:
"Təbii ki, hava-damcı yolu ilə yayılan infeksiyalar daha təhükəlidir. Amma qanla yayılan infeksiyanı lokallaşdırmaq nisbətən asandır. İstənilən halda bu cür situasiyalarda Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmək lazımdır. Azərbaycan sərhəd zonalarında nəzarəti gücləndirməlidir. Həmin virusla və onun əlamətləri ilə bağlı şübhəli şəxslər olduqda, onları bir növ karantində saxlamaq lazımdır. Çünki belə hallarda etimoloji nəzarət var. Etimoloji nəzarət qaydalarına uyğun hərəkət etmək lazımdır. İnfeksiyanın yerində lokallaşdırılması üçün yəqin ki, beynəlxalq təşkilatlar da lazımlı işlər görəcəklər. Azərbaycana belə məsələlərdə həmişə peşəkar yardımlar olunub. Bir neçə il öncə quş qripi yayılanda Britaniyanın müvafiq strukturları bizə xeyli köməklik göstərdilər. Bütün bunlarla yanaşı, belə məsələlərə vaxtında reaksiya verilməlidir və lazımi tədbirlər görülməlidir”.
Professorun sözlərinə görə, viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Onlar reprikasiya olunur, yəni hüceyrə deyil:
"Viruslar formasını bir balaca dəyişəndə xassəsini də dəyişir. Ola bilər ki, çox dəhşətli və ya daha yüngül formada ortaya çıxsın. Viruslar hüceyrənin, orqanizmin resurslarından istifadə edərək çoxalırlar. Ona görə də bəzi viruslar orqanizmdə çox dəhşətli izlər buraxırlar. Nəticədə insan tələfatı və ciddi xəstəliklərlə müşahidə olunur. Hesab edirəm ki, bu situasiyalar olduqca ciddidir. Türkiyə səhiyyəsi kifayət qədər inkişaf etmiş və qərb standartlarına uyğun olan bir səhiyyədir. Əgər belə bir həyəcan siqanlı verilibsə, təbii ki, Azərbaycan da buna uyğun hərəkət etməlidir”.
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova isə ölkəmizdə Zika virusunun yayılması ilə bağlı hər hansı bir təhlükənin olmadığını deyib. Qurum rəsmisinin sözlərinə görə, nazirlik virusla bağlı lazımlı tədbirlər görüb: "Zika virusu ilə bağlı müəyyən araşdırmalar yenə aparılır və məsələ diqqətdə saxlanılır. Azərbaycanda bu infeksiya ilə bağlı qorxulu bir məqam yoxdur”.
Saglamolun.Az