Kim dekabrın sonunda sayğaca pul ödəyibsə, özünü işə salıb

Son günlər sosial şəbəkə və bir sıra mətbuat orqanlarında bəzi abonentlərin "Azəriqaz” İstehsalat Birliyi tərəfindən aldadılması ilə bağlı məlumatlar yayılıb.

Bəzi abonentlər "Azəriqaz” əməkdaşlarını sayğacın göstəricilərini düzgün qeyd etməməkdə ittiham edirlər.

Onların sözlərinə görə, "Azəriqaz” rəsmiləri ötən ilin dekabr ayının qaz sərfini bu ilin yanvarında qeydə alıb: "Nəticədə bizə təqdim edilmiş bildirişdə yanvar ayında istehlak olunmuş qazın həcmi dekabr ayında sərfiyyat kimi qeydə alınıb. Bununla da ötən il limiti keçən abonentlər üçün yanvarın ilk günlərində istehlak olunmuş qazın bir kubmetrinin dəyəri 20 qəpikdən hesablanıb”.

"Smart İTRON” məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar isə iddia ediblər ki, onlar bu ilin yanvar ayında ödəniş etsələr də, "mavi yanacaq”ın qiyməti "Azəriqaz” tərəfindən bəyan edildiyi kimi limit çərçivəsində 10 qəpikdən deyil, 20 qəpikdən hesablanıb.

"Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev "Smart İTRON” məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar üçün qazın bir kubmetrinin 20 qəpikdən hesablanması məsələsinə aydınlıq gətirib: "Smart İTRON” məişət qaz sayğacından istifadə edən abunəçi kartına 10 manat yükləyirsə, bu, 100 kubmetr qaz deməkdir. Sayğacın göstəricisi qazın sərfiyyatını manatla deyil, kubmetr ilə göstərir. Bəzən abunəçilər sayğaca vəsaiti daxil edirlər və sayğac 100 kubmetr göstərdikdə, istehlakçılar bunu 10 manat kimi başa düşürlər.

Bəzi abonentlər sayğacın kartına 10 manat yükləyir. Bundan sonra da deyirlər ki, sayğacda 10 manat yoxdur, onun göstəricisi 5 manatdır. Yəni, 100 kubmetr deyil, bu göstərici 50 kubmetrdir. Abonentin müraciəti əsasında bazaya baxanda isə aydın olur ki, abonent sayğacın smart-kartına dekabr ayında ödəniş edib. Əgər limiti keçibsə, artıq bu bazada kartın uçotu 20 qəpik tarifi ilə oturub. Yəni, dekabr ayında ödəniş edib, yanvar ayının ilk günlərində əgər sayğaca bu 10 manat daxil edibsə, orada 100 kubmetr deyil, 50 kubmetr göstərəcək. Yəni, vəsait baxımından onu 5 manat kimi göstərəcək”.

Saglamolun.Az