Bu yaxınlarda belə bir ibrətamiz rəvayət oxumuşdum: Bir kişi boşanmağa qərar verir.
Dostu soruşur ki, niyə boşayırsan? Deyir, kişiyə arvadı haqqında pis danışmaq yaraşmaz.
Bunlar boşanır. Dostu deyir, ta arvadın deyil. De görüm niyə boşadın? Kişi deyir, boşanmış tək qadın haqqında danışmaq kişiyə yaraşmaz.
Qadın ikinci dəfə ərə gedir. Dostu deyir, indi nə sənin arvadındır, nə tək qadın. De görüm niyə boşadın? Deyir, başqasının arvadı haqqında danışmaq kişiyə yaraşmaz.
Məncə, bir çox "kişi”lər bu rəvayətdən dərs çıxarmalıdır. Yoxsa ki, boşanan kimi arvadının bütün tərcümeyi-halını ortaya qoyub, "evə gündə bir cipdə gəlirdi” deyib onu cəmiyyət qarşısında gözükölgəli etməməlidir. Bunu qadın üçün etməsə belə uşaqlarına və onların gələcəyinə görə etməlidir.
Axı, qadın həm də anadır. Düzdür, ailə problemi və ailə münasibətləri barədə danışmaq, müəyyən məsələləri gündəmə gətirmək olar, ancaq intim həyatlarını çılpaqlığı ilə abırsızcasına mediaya çıxarıb, müzakirə etmək rüsvayçılıqdır. Heç bir şəxsi məsələ, şəxsi münasibət, şəxsi problem mediada açıq-aşkar müzakirə edilməməlidir.
İctimaiyyət üzvlərinin fikrincə, ailəsini mediada müzakirə edən və mediaya çıxaran insanların Azərbaycanın ailə institutuna dəxli yoxdur. O nümunlər təsadüfi qurulmuş ailələrdir. Qeyd edək ki, mövzuya toxunmağımızın səbəbi reper Anar Nağılbaz və keçmiş həyat yoldaşı arasındakı video qalmaqalının 10 gündür gözümüzü yağır etməsidir. Adi bir reperin şəxsi və ya intim həyatının az qala dövlət əhəmiyyətli bir problem səviyyəsində medianın gündəminə çıxarılması haqlı olaraq ictimaiyyətdə narazılıq doğurub.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, xalqın ən böyük problemi mənəviyyatla bağlı məsələlərdir. Onun fikrincə, artıq həyəcan təbili çalmaq lazımdır:
"İndi mənəvi dəyərləri dağıtmaq istəyənlərin təbliğatı çoxalıb. Sosial şəbəkələr ailə üçün əslində ilan zəhəri kimi bir şeydir: düzgün istifadə edəndə dərmandır, etməyəndə zəhərdir.
Bu cür əxlaqsız xəbərlər insanları narahat etməklə yanaşı, ailə münasibətlərinə də təsir edir. Gənc ailələrimiz onsuz da serial ailələrindən nümunlər götürür, öz həyatlarını məhv edirlər. Belə məsələlərə qarşı çox ciddi mübarizə aparmaq lazımdır. Gün ərzində buna oxşar çox məsələlərin şahidi oluruq. Bunların hamısı dəhşətli hadisədir və efirə yol tapmamalıdır”.
Millət vəkili Fazil Mustafa isə deyib ki, tamaşaçılar və oxucular izlədikləri proqramları, oxuduqları xəbərləri özləri seçirlər. Kifayət qədər intellektual yayımlar, kitablar, maraqlı təhlillər var. "Pult” əlində, eynək də gözlərində, seçim də ki sərbəstdir. Millət vəkilinin sözlərinə görə, təhsilsiz, təfəkkürü aşağı, düşüncəsi zəif olan insanların çoxluq təşkil etdiyi bir cəmiyyətdə Anar Nağılbazın şəxsi həyatının bu qədər uzun müddətdə müzakirə predmeti olması təəccüblü deyil:
"Başqa nə oxuyub, nəyə baxmalıdılar? Təəccüblənmədiyim üçün narahatedici bir şey də görmürəm. Cəmiyyətin ümumi düşüncə səviyyəsinin göstəricisidir. Düzü, bu cür məsələlər maraq dairəmə daxil olmadığı üçün problemin mahiyyətini də bilmirəm. Təsadüfən belə olsa, qarşıma çıxmayıb, çünki insanlar adətən axtardıqları xəbərə rast gəlirlər”.
Millət vəkili hesab edir ki, cəmiyyətin səviyyəsi düzəlmədən şou müğənnilərinin şəxsi həyatı, ayrı-ayrı şəxslərin intim görüntüləri əsas müzakirə predmeti olaraq qalacaq. Bunun qarşısını almaq üçün də maarifləndirici tədbirlər görmək lazımdır:
"İnsanlar məlumatlandıqları halda hansı məlumatın onlar üçün daha faydalı olduğunu dərk edəcək, daha ciddi məsələləri müzakirə edəcəklər. Öz həyatlarındakı problemləri həll edə bilməyən insanlar başqalarının həyatı ilə maraqlanıb, həzz axtarırlar. Özü üçün yaşayan bir insan üçün şou əhlinin həyatı heç bir əhəmiyyət kəsb etmir. Mənim nəyimə lazımdır hansı müğənni kimlə yaşayır, kimlə görüşür”.
Saglamolun.Az