Həzm sistemi necə işləyir - VİDEO

Qəbul olunmuş qida əvvəl qida borusuna, oradan isə mədəyə keçir.

Mədədə qida əzilir, mədə şirəsi ilə qarışdırılır və horra şəklinə çatdırılır.

Horra şəkilli yarımçıq həzm olunmuş qida kütləsi – ximus - kiçik paylarla mədədən nazik bağırsağın birinci hissəsinə - onikibarmaq bağırsağa daxil olur. Nazik bağırsaqda qidanın həzmi davam olunur və ən əsası isə qidanın sorulması prosesi baş verir. Sorulma prosesi zamanı insanın orqanizminin normal fəaliyyəti üçün lazım olan maddələr (aminturşular, karbohidratlar, vitaminlər, mikroelementlər, su və s.) qidadan qana və limfaya keçir.

Bu prosesin həyata keçirilməsi üçün bağırsaqların daxili qatı milyonlarla mikroskopik xovcuqlarla örtülüb. Bu xovcuqların içərisində kapilyarlar keçir. Ximus nazik bağırsaqda hərəkət etdikdə bu xovcuqlar orqanizm üçün lazım olan qidalı maddələrin molekullarını tutur və bu molukullar qan və ya limfa kapilyarlarına düşərək qana daxil olur.

Daha sonra bu qan qara ciyərdə qida ilə orqanizmə düşən ziyanlı maddələrdən və s.-dən təmizlənir və yalnız bundan sonra ümumi qan dövranına düşür.

Maye şəklində olan qida qalıqları daha sonra yoğun bağırsağa daxil olur. Yoğun bağırsaqda duzlar və suyun sorulması prosesi başa çatır. Orqanizm tərəfindən istifadə olunmamış qida qalıqları kütlə şəklində yığılaraq bərkiyir və bağırsağın peristaltikası (dalğavari hərəkəti) nəticəsində orqanizmdən xaric edilmək üçün anal (arxa) dəliyə doğru hərəkət etdirilir.

Saglamolun.Az