Herpetik viruslar

Herpetik infeksiyalar əksər insanların orqanizmlərdə “yaşayırlar”. Herpes virusu bədənə bir dəfə daxil olduqdan sonra daimi olaraq orada qalır.

Uşaqlar ana bətnində (əgər ana bu virusun daşıyıcısıdırsa) olarkən, onu öpərkən, paltardan, yemək üçün istifadə olunan qab-qacaqdan və s. ilə yoluxa bilərlər.

Uşaq sağlam olduğu halda infeksiya nəzərə çarpmır. Ancaq müxtəlif səbəblərdən (qrip, kəskin respiratop xəstəliklər, ağ ciyərlərin iltihablaşması, bədənin soyuqlaması və s.) bədənin immun sistemi zəifləyən kimi, herpes dodaqlarda, burun ətrafında, cinsi üzvlərdə kiçik qabarcıqların əmələ gəlməsi formasında özünü büruzə verir. Bu qabarcıqlar şəffaf maye ilə dolmuş olurlar. Partladıqdan sonra onların yerində kiçik xoralar, daha sonra isə qartmaq əmələ gəlir.

Kiçik yaşlı uşaqlarda xəstəlik daha ağır formada (yüksək hərarət, daha artıq sayda qabarcıqlı səpgilərlə) keçə bilər.

Yenidoğulmuşlarda isə virus qana keçərək beyin toxumasını zədələyərək ensefalit xəstəliyinə səbəb ola bilər. Buna görə də herpes əlamətləri olan böyüklər və daha böyük uşaqlar heç bir halda yeni doğulmuş uşağı öpməməli, ona qulluq göstərilməsində iştirak etməməlidirlər!

Ananın məhz hamiləlik dövründə herpes virusuna yoluxması isə çox təhlükəli hesab olunur. Bu halda virus dölün məhv olmasına, onun orqan və toxumalarının (qara ciyər, ağ ciyərlər, sinir sistemi üzvləri və s.) ağır formalı zədələnmələrinə səbəb ola bilər.

Uşaqlarda herpetik infeksiyadan qorunmağın ən yaxşı profilaktikası, uşağın immun sistemini yüksək səviyyədə saxlanılmasından ibarətdir.

Saglamolun.Az