ÜST fövqəladə hallara hazırlıq üçün yeni təlimat təqdim etdi

“DAHA SÜRƏTLİ MÜBARİZƏ ÜÇÜN”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrin sağlamlıqla bağlı fövqəladə hallarına daha effektiv cavab verməsi üçün yeni bələdçi sənəd – “Milli Sağlamlıq Fövqəladə Hallarının Koordinasiyası üzrə Təlimat”ı təqdim edib.
Yeni təlimat iqlim dəyişiklikləri, urbanizasiya, müharibələr və sürətli qlobal hərəkətlilik kimi amillərin yaratdığı sağlamlıq böhranlarına hazırlığı gücləndirməyi hədəfləyir. ÜST-ün məlumatına görə, sənədin əsas məqsədi dövlət qurumları, səhiyyə strukturları və yerli icmalar arasında koordinasiyanı yaxşılaşdırmaqdır.
Təlimatda fövqəladə halın bütün mərhələləri – aşkarlama, məlumatlandırma, risk qiymətləndirilməsi, icra və monitorinq – sistemli şəkildə təsvir olunub. Burada “7-1-7” prinsipi də vurğulanır: xəstəliyin 7 gün ərzində aşkarlanması, 1 gün ərzində bildirişi və 7 gün ərzində ilkin cavabın həyata keçirilməsi.
ÜST bildirir ki, bu təlimat ölkələrə istənilən miqyasda sağlamlıq təhdidlərinə daha operativ və koordinasiyalı reaksiya vermə imkanı yaradacaq.

Saglamolun.Az