Uşağın qızdırması düşmürsə, onda bu sindrom ola bilər - ƏLAMƏTLƏRİ

Uşaqlarda çöp qalması ilə bağlı müzakirələr vaxtaşırı olaraq gündəmə gəlir və mübaliğəsiz demək olar ki, bununla bağlı fikirlər birmənalı deyil.

Uşaqda çöp qalmasına inananlar bunu qətiyyətlə dəstəkləyir, inanmayanlar isə tam əksini isbat etməyə çalışırlar. Xüsusilə də uşaqlarda çöp qalması və onun hansısa çöpçülər tərəfindən məharətlə çıxarılması, hətta həkimlərin belə aciz qaldığı halda uşağa kömək etməsi barədə insanlar arasında söhbətlər dolaşır, faktlar sadalanır.

Ailem.az bildirir ki, pediatr Günay Rəsulova uşaqları çöpçüyə aparan səbəblərdən danışıb. Həkimin sözlərinə görə, uşaqlarda rast gəlinən periodik olaraq təkrarlanan qızdırma sindromlarını valideyn, hətta bəzi həkimlər də "çöp" olaraq bilirlər. Əslində bu hal başqadır: "Valideynlər deyir, həkim, bu uşağın tez-tez çöpü qalır, demək olar ki, hər ay aparırıq çöpçüyə, çöpünü çıxarır, 2-3 gün içində uşaq sapsağlam olur. Bəs əslində bu hal nədir? Periodik qızdırma, müntəzəm olaraq konkret vaxt aralıqlarında uşaqlarda çox yüksələn (38-41 dərəcə) qızdırma hallarıdır. Uşaqlarda ən sıx görülən periodik qızdırma sindromlarından PFAPA sindromunu misal göstərmək olar. PFAPA sindromunu valideyn bəzən "bu uşağın hər ay boğazı gəlir, yüksək qızdırması olur, antibiotik də təsir etmir" kimi də təsvir edir".

Pediatr PFAPA sindromunun əlamətlərini sadalayıb:  

- Periodik, təxminən hər ay və ya 1-2 həftədən bir eyni vaxtlarda yüksələn səbəbsiz qızdırma (çox zaman valideyn uşağın qızdırmasının qalxacığı günləri öncədən təxmin edir)

- Aftoz stomatit (təkrarlanan ağız içi yaralar)

- Faringit (boğazda qızarma)

- Adenopatiya (boyun bölgəsindəki limfa düyünlərinin böyüməsi)
Bu sindrom zamanı uşaqda düşürülməsi çox çətin, müalicələrə baxmayaraq 4-5 gün sürən yüksək qızdırma, ayaqda, oynaqda, qarında ağrı, halsızlıq kimi hallar olur.

G.Rəsulovanın sözlərinə görə, çox vaxt belə uşaqları "boğazında artıq əti var", "tez-tez çöpü qalır" kimi təsvir edirlər: "Belə uşaqların əksəriyyəti artıq ətdən əməliyyat olunmuş uşaqlar olur. Tonzillektomiya əməliyyatından sonra uşaqların 50 faizində yaxşılaşma ola bilər, 50 faizdə isə simptomlar qalıcı ola bilər. Qızdırma düşdükdən sonra belə uşaqlar çox aktiv və sağlam olurlar. Bu xəstəlik uşağın fiziki inkişafına təsir eləmir. PFAPA sindromu" diaqnozu digər periodik qızdırma (FMF, tsiklik neytropeniya) sindromları da inkar edildikdən sonra qoyulur".

"Müalicəsində, bu diaqnoz qoyulmuş uşaqlara qızdırma ataklarını önləmək üçün qızdırma öncəsi kortizol inyeksiyası profilaktik olaraq vurulunca bu xəstəlik simptomlarını tamamilə önləmək mümkündür. Bütün bunlardan da məlum olur ki, çarə çöpçülərdə deyil", - deyə mütəxəssis diqqətə çatdırır.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика