İsti havada ürək-damar sistemi xəstəlikləri olan insanlarda kəskinləşmə inkişaf edə bilər.
Hipertoniyadan əziyyət çəkənlərdə təzyiq artır, stenokardiya tutmaları daha tez-tez olur, infarkt və insultun riski artır.
Saglamolun.az bildirir ki, bu isti havada ürəyə olan gərginliyin artması ilə bağlıdır. İsti havada nəbz və qan dövranı artır, qan qatılaşır ki, bu da ürək xəstəlikləri olanlar üçün çox ziyanlıdır.
Ürək xəstəlikləri olanlara vacib tövsiyələr:
1. İsti havada özünüzü mümkün qədər qorumağa çalışın - fiziki aktivliyinizi azaldın, daha az işləyin və daha çox dincəlin.
2. Həkim tərəfindən təyin etdilən dərmanları vaxtı-vaxtında qəbul edin.
3. Arterial təzyiqinizə daim nəzarət edin.
4. Düzgün qidalanın. Qidalanmanızdan duzlu, qızardılmış qidaları, kolbasa-sosis, konservlər və s. çıxardın. Meyvə-tərəvəz, göyərti, süd məhsulları, bişmiş ət və s. kimi sağlam qidaları qəbul edin.
5. Mayenin qəbuluna diqqətli olun. Həm susuzlaşma, həm də mayeni həddindən artıq çox miqdarda qəbulu sizin üçün ziyanlıdır. Qara çay və qəhvə orqanizmi susuzlaşdırır. Bu səbəbdən adi təmiz suya, kompotlara, itburnu, nanə dəmləmələrinə və s. üstünlük verin.
6. Soyuq su içməyin. Soyuq su damarların ani sıxılmasına və ürək tutmasına səbəb ola bilər.
7. Gündüz saatlarında (12.00-dan - 18.00-a qədər) çölə çıxmayın, sərin otaqda qalın.
8. Ürək tutması inkişaf etdikdə dilinizin altına nitroqliserin həbini qoyun. Kömək etmədikdə 5 dəqiqədən sonra daha bir həb qəbul edin. Aspirin həbini çeynəyin. Ağrı keçmirsə, dərhal "təcili yardım" çağırın.
Saglamolun.Az