Miokardın infarktı nə deməkdir?

Miokardın infarktı – bir çox insanların ölümünə səbəb olan çox qorxulu xəstəlikdir! Onun nə qədər təhlükəli olduğunu tibbi statistikanın göstəriciləri aydın şəkildə sübut edir.

Miokardın kəskin infarktı olan xəstələrin yalnız 50% xəstəxanaya çatdırıla bilir. Həm də, təcili tibbi yardım xidmətinin müxtəlif səviyyədə olmasına baxmayaraq, bu göstərici bütün ölkələr üçün praktik olaraq eynidir. Xəstəxanaya çatdırılan xəstələrin 1/3 hissəsi isə xəstəliyin ölümcül ağırlaşmaları səbəbindən xəstəxanadan evə yazılana qədər olan müddət ərzində vəfat edir.

Son zamanlar miokardın infarktı xeyli “cavanlaşmışdır”. Əgər əvvəllər bu xəstəlik yaşlıların “qisməti” idisə, hal-hazırda bu xəstəlik insanlarda onların çiçəklənən dövrü hesab edilən, 30-40 yaşlarında təsadüf edilir.

Ürək əzələsinin hər hansı bir hissəsinin qanla təchiz edilməsi kəsildiyi halda bu hissənin infarktı baş verir. Qanla təchiz edilmənin pozulması 15-20 dəqiqə və bundan daha çox müddət ərzində davam etdikdə ürək əzələsinin “ac qalmış” hissəsi öz funksiyasını tam şəkildə itirərək ölür. Ürək əzələsi hüceyrələrinin məhv olduğu (nekroz) bu sahə miokardın infarktı adlanır.

Zədələnmə sahəsinin ölçüsündən asılı olaraq miokard infarktının 2 tipi qeyd edilir:

  1. İri ocaqlı miokard ifarktı – bu zaman ürək əzələsinin bütün qatları zədələnir.
  2. Kiçik ocaqlı miokard ifarktı – bu zaman ürək əzələsinin bütün qatları zədələnmir.

Ürək əzələsinin (miokardın) ön divarının iri ocaqlı infarktları daha təhlükəli hesab olunur. Miokardın arxa və ya yan divarının infarktları, xüsusən də kiçik ocaqlı (bütün qatları zədələməyən) infarktların nəticələri nisbətən daha az travmatik hesab edilir. İnfarktdan sonra ürək əzələsinin zədələnmiş sahəsində insanın ömrünün sonuna qədər çapıq qalır. Bu çapıq toxuması heç bir halda sorula bilməz və ürək bu keçirilmiş infarktı hər zaman “yadında” saxlayır.

Miokardın infarktı hansı səbəblərdən baş verir?

Xəstəliyin əsas səbəbi – aterosklerozdur ki, bu da bu və ya digər dərəcədə olmaqla müəyyən yaşlarda hər birimizdə yaranmış olur. Statitik məlumatlara görə 30-35 yaşında olan kişilərin 75%-də, qadınların isə 38%-də ateroskleroz inkişaf edir. 55-60 yaşlarında isə bu rəqəm həm kişilərdə, həm qadınlarda 100%-ə yaxınlaşır.

Ateroskleroz – bir sıra yağların (xolesterin və digər lipidlər) miqdarının qanda artıq dərəcədə olması səbəbindən, onların iri arteriyaların divarlarına çökməsi nəticəsində əmələ gələn patoloji prosesdir.

Arteriyanın daxili səthində (qişasında) lipidlərin daha çox yığıldığı yerlər atrosklerotik düyünlər adlanır. Bu sahələr damar divarında çox zəif yerlər hesab olunur. Müəyyən bir gərginlik nəticəsində (stres, fiziki gərginlik və s.) ürək (koronar) arteriyalarının daxilində olan aterosklerotik düyünün divarı çatlaya və ya cırıla bilər. Düyünün divarı zədələndikdə arteriyanın daxili divarı da zədələnmiş olur. Arteriyanın zədələnən hissəsini “təmir” (bərpa) etmək üçün orqanizm özünün müdafiə sistemini işə salır. Belə ki, bu zaman zədələnən hissədə qanın laxtalanması prosesi başlayır və laxtalanmış kütlə – tromb əmələ gəlir. Tromb heç bir maneyəyə rast gəlmədiyi halda, onun ölçüləri tez bir zamanda artaraq damar mənfəzinin tam şəkildə tutulmasına səbəb olur. Bu halda bu damar vasitəsi ilə qanın hərəkəti dayanır. Nəticədə bu damarın qidalandırdığı sahədəki ürək hüceyrələrı qan təminatı almadığı üçün məhv olur - yəni miokardın infarktı inkişaf edir. Mənfəzi tromb ilə tutulan arteriya nə qədər böyük olarsa, məhv olmuş miokard hüceyrələrinin sayı da artır, yəni zədələnmə sahəsi daha geniş olur.

Kimsə soruşa da bilər: Əgər ateroskleroz praktik olaraq hamıda varsa, bəs niyə miokardın infarktı hər bir kəsdə baş vermir? Aterosklerotik düyünləri dağılmağa məcbur edən səbəb nədir?

Bunun əsas səbəbi - ağır emosional həyacanlar və streslər, həmçinin fiziki gərginlik nəticəsində ürək döyünmələrinin artması və arterial təzyiqin yüksəlməsi hesab olunur. Ancaq hər şey o qədər də sadə deyil. Miokardın infarktı çox qəddar xəstəlikdir. Bir çox hallarda o heç bir görünən səbəb olmadan, “sanki boş bir yerdə” də inkişaf edir. Miokard infarktı hətta yuxuda olarkən də baş verə bilər - onun “sevimli” vaxtı isə əsasən səhər tezdəndir.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...