Pis sidik qoxusunun 7 SƏBƏBİ

Normada təzə sidiyin heç bir kəskin spesifik qoxusu yoxdur. Saglamolun.az bildirir ki, sidiyin pis, kəskin iyi bəzi xəstəliklərə işarə edə bilər.

Aşağıda sadaladığımız xəstəliklər pis sidik qoxusuna səbəb ola bilir:

- sidik yolları infeksiyaları. Bu infeksiyaların digər simptomları: sidik ifrazı zamanı göynəmə, bulanıq sidik, sidikdə qan izləri.

- göbələk xəstəlikləri. Bu əsasən qadınlara xas olan simptomdur. Qadınlarda uretra uşaqlıq yoluna çox yaxın yerləşir. Uşaqlıq yonunda göbələk infeksiyasının olması sidiyin iyinə təsir edə bilər. Göbələk infeksiyasının digər sismptomları: vaginal axıntıların artması, qaşınma, göynəmə.

- cinsi yolu ilə keçən infeksiyalar. Digər simptomlar: cinsi yollarından yaşıl, qanlı, irinli iyli ifrazatlar, göynəmə.

- böyrək daşı xəstəliyi. Həmçinin bel, qarın və qasıq nahiyəsində ağrılar, ürəkbulanması, tezləşmiş sidik ifrazı, sidikdə qan, sidik ifrazı zamanı ağrılar, “səbəbsiz” qızdırma da böyrək daşı xəstəliyinə işarə edə bilər.

- piyelonefrit. Sidik qoxusunun pis və kəskin olması, bel nahiyəsində dartıcı ağrılar böyrəklərin iltihabı olan piyelonefritin əsas simptomlarındandır.

- diabet. Sidiyin xoşagəlməz “şirin” iyi diabetin inkişafına işarə edə bilər. Həmçinin diabet zamanı insan tez-tez sidiyə gedir, çoxlu su içir.

- qaraciyər xəstəlikləri. Bu zaman həmçinin xəstənin sidiyi tünd olur, xəstədə halsızlıq, ürəkbulanması, sağ qabırğa altı nahiyəsində ağrılar, sarılıq inkişaf edir.

Nəzərə almaq lazımdır ki, bəzi qida məhsulları (soğan, sarımsaq, qulançar və s.), qəhvə, spirtli içkilər, bəzi dərmanlar da sidiyin iyini daha kəskin edir. Həmçinin susuzlaşma zamanı da sidiyin miqdarı azalır, rəngi tündləşir, iyi kəskin olur.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...