Ən təhlükəli kişilər: anasına bağlı olanlar – GƏLİNLƏR MÜTLƏQ OXUSUN!

 

Evlilik problemlərinin bilinməyən səbəblərindən biri də ana-oğul bağlılığıdır.

Xoşbəxtlik arzusu ilə başlayan evliliklər, oğluna həddən artıq bağlı anaların davranışlarına görə kabusa çevrilə bilir. Həyat yoldaşları ilə anaları arasındakı münasibəti düzgün müəyyən edə bilməyən kişilərin psixoloji vəziyyəti necə olur? Niyə qaynanalar gəlinlərini qısqanır və daim onları gözdən salmağa çalışırlar? Münasibətlər necə formalaşdırılmalıdır?

Bununla bağlı türkiyəli psixiatriya mütəxəssisi Dos. Dr. Barış Önen Ünsalver müsahibə verib.

- Evlilikdən öncə analarına bağlı oğlanlar evlilikdən sonra da bunu davam etdirirlər. Səbəbi nədir?

Çünki başqa həyatı tanımırlar. Ana onların həyatında həmişə birinci yeri tutub və onlar anasını başqası ilə əvəz oluna biləcəyindən qorxurlar. Həmin şəxslərin  anaları demək olar ki, şəxsiyyətlərinin bir hissəsidir. Ananın razılığı olmadan onların özbaşına qərar qəbul etməsi demək olar ki, mümkün deyil. Etsələr belə, ananın reaksiyasından çəkinirlər.

- Analar müdaxilə edərək övladlarının evliliyinə xələl yetirməkdən narahat olmurlar. Niyə?

Çünki analara görə etdikləri yanlış deyil. Etdikləri müdaxilənin övladlarının yaxşılığı üçün olduğunundan əmindirlər. Hətta bəzən buna görə təşəkkür də gözləyirlər. Bu cür analar övladlarını şəxsiyyət kimi görmür, hələdə uşaq sayırlar. Onların həyatı üzərində haqq sahibi olduqlarını düşünürlər.

- Analar gəlinlərinə ikinci qadın kimi baxırlar?

Bu əslində cavabı çətin sualdır. Anaların və ya ataların övladlarına bilərəkdən cinsi hisslər keçirməsi qəbuledilməz bir tabudur. Amma əgər ana üçün şüursuz olaraq oğlu sevgilisi kimidirsə, gəlini də “ikinci qadın” kimi görməsi mümkündür. Bu səbəbdən oğullarının seçdiyi gəlini bəyənməyə bilərlər. Bundan əlavə, həyat yoldaşı ilə münasibətlərində emosional məmnunluq hiss edə bilməyən bəzi qadınlar oğullarını həyat yoldaşının yerinə qoymuş ola bilər və bu halda oğullarının onları tərk etdiyini hiss edərək gəlinlərini özünə rəqib görürlər.

- Ana asılılığı tam olaraq nədir? Psixologiyada necə izah edilir?

Yetkin bir insanın öz vəzifələrini yerinə yetirə bilməməsi və ya yerinə yetirməkdən çəkinməsi, bundan narahatlıq keçirməsi və təkbaşına qərar verə bilməməsi, anadan asılılıq adlandırıla bilər. Belə bir vəziyyətdə onlar həmişə ananın təsdiqini gözləyirlər. Bu hal həm kişilərdə, həm də qadınlarda müşahidə edilə bilər. Əslində, "ana" həmişə bioloji ana demək deyil. Əsas qayğı göstərən şəxs körpəlikdən xatırlanır. Uşaq doğulduğu andan anasından asılıdır və bu asılılıq zamanla keçməyəndə anadan asılılıq yaranır.

- Ana asılılığı tam olaraq necə yaranır?

Üç yaşına qədər uşaq anadan asılıdır. Üç yaşından etibarən uşaq tədricən anadan ayrılır və fərd olmağa başlayır. Anası hər zaman yanında olmasa da, həsrətinə və narahatlığına baxmayaraq, anasından ayrı həyatına davam edə bilir. Bu bağlılığı zamanla azaltmaq, uşağı sosiallaşdırmaq lazımdır. Bu mərhələlərdə problemlər varsa, yəni ana xüsusilə ilk üç ildə uşağı özündən bi gün belə ayrı qalmasına icazə verməyibsə, uşaqda anadan uzaqlaşmaq qorxusu yaranır. Bundan əlavə, uşağın ayrılmasına ananın reaksiyası da vacibdir. Ana övladının xarici dünya ilə tanış olmasına mane olduqda da anadan asılılıq yaranır. Məsələn, övladının yıxılıb xəsarət almaması üçün küçəyə çıxmasına mane olan və ya xəstələnməsin deyə başqa uşaqlarla oynamasına icazə verməyən ana uşağını kənar şəxslərdən təcrid edir. Belə analar adətən, “sən bilməzsən, bacarmazsan” deyərək uşağın bacarıqlarının inkişafına daa mane olurlar.

- Anaya aludə olan kişiləri kölgə tipləri adlandıra bilərikmi?

Biz asanlıqla belə şəxslərə anasının kölgəsi deyə bilərik.

- Anası və həyat yoldaşı arasında qalan kişilərin vəziyyəti necə olur?

Belə kişilər davamlı olaraq qeyri-adekvatlıq, gərginlik və günahkarlıq hissləri keçirir və bundan qaynaqlanaraq daim əsəbi və narahat olurlar.

- Deyəsən, anaya aludə olan kişilərin özünə inam problemi var?

Həyatda təkbaşına iş görməsinə icazə verilməyən insan, təbii ki, özünə güvənə bilməz. Öz ayaqları üzərində durmağın qəbuledilməz olduğunu düşünən insanın təslim olmaqdan başqa seçimi olmur.

- Anasına aludə olan kişilərin ümumi evlilik problemləri hansılardır?

Həyat yoldaşı ilə tez-tez mübahisələr, evlilikdə bədbəxtlik hissi və cinsi əlaqə problemləri belə ola bilər.

- Övladlarını özlərindən asılı olmağa öyrədən analar dominant xarakterə malik olurlar?

Övladlarını özündən aslı böyüdən analar adətən başqalarının işinə müdaxilə edən, hər kəsə istədiyini etdirməyə çalışan, bütün dünyanın onların ətrafında fırlandığını hiss edən insanlar olur. Digər tərəfdən isə, öz analarından yetərincə qayğı görməyən, ailə qurarkən həyat yoldaşından diqqət görməyən qadınlar da övladlarını özündən aslı yetişdirə bilərlər. belə qadınların itirmək qorxusu çox olur.

 - Bu cür münasibətlərdə evli cütlüklərin cinsi həyatı da problemli olur?

Bəli, bəzən gəlinlərinə cinsi həyatla bağlı  mane olan, məsləhət verən, cinsi əlaqəni sorğulayan analarla da rastlaşırıq. Bu analar gəlininə alt paltarı alır, özəl əşyalarını qarşdırır.  Ancaq şəxsi məsələ olan cinsi həyat mütləq şəkildə yalnız ər-arvad məsələsi olaraq qalmalıdır.

- Burada müalicə lazımdır?

Asılılığın dərəcəsindən və yaratdığı problemlərin şiddətindən asılı olaraq, bəli, müalicə lazım ola bilər.

- Müalicədə kimin dəstəyə ehtiyacı var? Ana yoxsa oğlan? Yoxsa hər üçü?

Məncə, onların hər üçü mütləq psixoloji dəstək almalıdırlar.

- Susmaqla xoşbəxt olmaq olarmı?

Yox. Susduqları müddətcə qadınlarda zamanla depressiya yarana bilər, ya da boşanma ilə nəticələnə bilər. Burada vacib olan düzgün yanaşmadır. Qadınların həyat yoldaşına qarşı “hər zaman ananın yanındasan” kimi qeyri-konstruktiv və ittihamçı yanaşmalar nəticə verməyəcək.

 

Sevinc Hüseynova

Saglamolun.Az