Avqust ayının 1-dən 3-nə kimi ilk dəfə olaraq azərbaycan dilində keçirilən “Breast-quest 2020” müsabiqəsi sona çatdı. Müsabiqənin məqsədi əmizdirmənin populyarlaşdırılması, sübutedici təbabətə əsaslanan əmizdirmə haqqında müasir və etibarlı məlumatların yayılması idi.
Müsabiqədə 253 ana iştirak etmişdi. Yüksək nəticələri isə yalnız 53 ana göstərdi. Ana südü sahəsində öz biliklərini sınayan analar eyni zamanda ana südü haqqında miflərə son qoyaraq düzgün və araşdırmalara əsaslanan biliklər əldə edə bildilər.
“Yalnız ana südü ilə əmizdirmə” nə deməkdir sualına anaların yarısından çoxu “Su və əlavə qidalanma olmadan, yalnız ana südü ilə qidalandırılma (dərman preparatları, vitaminlər, mineral əlavələr istisna olmaqla)” cavabını seçdilər.
“Əmizdirən ananın qidalanma rasionuna nə daxil olmalıdır” və “Yaxşı laktasiya üçün əmizdirən anaya mütləq nə lazımdır” suallarına əksər analar çoxlu miqdarda mayeni qeyd ediblər. Bu səhv cavabdır. Süd verən ana yalnız susuzluğunu yatırtmaq üçün kifayət qədər su içə bilər və bu suyun miqdarı çox olmamalıdır. Körpəyə kifayət qədər mineral və vitaminlərin çatdırılması üçün analar təzə göyərti və meyvə-tərəvəzlərin qəbuluna üstünlük verməlidirlər. Yemək və içmək vacibdir, lakin əmizdirməyən qadınlar da bunu edirlər. Laktasiyanın sirri isə başqadır - döşü stimullaşdıran məhz əmizdirmədir. Laktasiyanın qorunması üçün bu stimulyasiyanın keyfiyyəti və kəmiyyəti həlledici rol oynayır. Yaxşı laktasiyanın qurulması üçün əmizdirmə prosesini düzgün təşkil edərək, körpəni tələbinə görə əmizdirmək lazımdır.
“Döşümü sağdıqda demək olar ki, süd çıxmır - maksimum 20 qram sağa bilirəm. Deməli südüm yoxdur” sualına əksər analar bu yanaşmanın səhv olduğunu qeyd ediblər. Bu tamamilə doğrudur. Bu hal hərdən anaların narahatçılığının səbəbi ola bilər, amma artıq biz bilirik ki, döşdən sağıldığı zaman, ana südünün az gəlməsi heç də anada olan südün miqdarını göstərmir.
“Körpənin əlavə qida qəbuluna hazır olduğunun əlamətlərini əks etdirən bir neçə düzgün cavabı seçin” sualına analar çoxluqla “6-cı ayından etibarən” cavabını seçdilər. Digər düzgün cavab isə uşağın qidaya meyl etməsi, maraq göstərməsidir.
147 iştirakçı ağuz südü haqqında suala “kolostrom ana südü ilə müqayisədə yüksək kalorili tərkibə malikdir, lakin özündə bir çox zülallar ehtiva edir” düzgün cavabı seçdilər.
Körpəyə suyun verilməsi ilə bağlı sualda 132 iştirakçı “su körpəyə doğulduqdan yarımil sonra, bərk qidaya keçdikdə verilir” düzgün cavabı seçdilər. Bəli, bu doğrudur. 6 ayına kimi körpələr ana südündən və lazımi dərmanlardan başqa heç bir maye qəbul etməməlidirlər.
212 iştirakçı ana “Körpəm tez-tez süd əmmək istəyir, deməli südüm kifayət deyil” sualına tamamilə doğru olan “körpənin davranışları süd çatışmazlığının etibarlı əlaməti ola bilməz” cavabını seçdilər. Bu məqam doğrusu məni çox sevindirdi və bizim anaların körpələrinə olan diqqəti və körpələrinin həqiqi ehtiyaclarını bildiklərini növbəti dəfə sübut etdi.
206 ana “ÜST-ün ana südü ilə əmizdirmənin müddəti ilə bağı tövsiyyələri haqqında” bilikləri gözəl şəkildə nümayiş etdirərək körpəni ən azı 2 il əmizdirmək lazımdır cavabını seçdilər.
“Ana kəskin respirator xəstəliklərə tutulubsa” sualına xanımların əksəriyyəti düzgün cavab seçərək lazımi ehtiyat tədbirlərinə riayət edərək körpəni mütləq əmizdirmək lazım olduğunu göstərmişdilər.
“Ana südünün tərkibində bakteriyaların miqdarı nə qədərdir” sualına analar ana südünün steril olduğunu qeyd etdilər. Lakin bu səhv cavabdır. Ana südü steril deyil və sağlam qadınların südündə 700-dən çox bakteriya növü var. Bu mövzuda biliklərinizi yeniləmək üçün sizə sağlamolun.az saytında dərc olunmuş “Ana südü steril deyil” məqaləsini oxumağı tövsiyə edirəm. (https://saglamolun.az/index.php/1-yasina-qeder-korpelere-qulluq/7034-ana-sudu-steril-deyil.html)
“Körpənin ana döşünə düzgün qoyulduğunun əlamətini tapın” sualına əksər analar “gilənin bütünlüklə uşağın ağzında olduğunu qeyd etdilər, amma daha doğru cavab “körpənin ağzının ən azı 120°dərəcə bucaq altında geniş açılması” idi. Körpə ağzını geniş açdığı zaman, yalnız giləni yox, eyni zamanda areolanın daha çox hissəsini götürə bilər və bu həm düzgün vakuumun yaranması (körpə az hava udur), həm də daha çox ana südünün əmilməsinə yardım edəcək.
Müsabiqənin bütün iştirakçılarına xüsusi “Breast-quest 2020” nişanları, qaliblərə isə fərqlənmə diplomları elektron ünvanlarına göndərilib. İştirakçıların əksəriyyəti analar idi, amma eyni zamanda bu müsabiqədə həkimlərin də iştirak etməsi çox ürəkaçan oldu. Bütün iştirakçılara təşəkkürümüzü bildiririk.
Bu müsabiqədə daha çox ananın iştirak etməsi üçün əlindən gələn mənəvi dəstəyə görə hər kəsə təşəkkür edirəm, xüsusilə bu müsabiqəni azərbaycan dilində keçirtmək üçün bizə bu imkanı yaradan Breast-quest 2020 saytının təsisçisi, əmizdirmə məsləhətçisi Marqarita Dik, Sağlamolun.az saytının baş redaktoru Marina İsayeva, tərcüməçi-redaktor Xumar Ərşadlıya.
Gülarə Rüstəmova,
Müsabiqənin azərbaycan dilində təşkilatçısı, uşaq psixoloqu, əmizdirmə məsləhətçisi
Saglamolun.Az