Tanınmış rusiyalı professor, akademik Aleksandr Çuçalin koronavirusun yaratdığı fəsadları və koronavirus zamanı süni tənəffüs aparatlarının azeffektli olduğunun səbəblərini açıqlayıb.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla oxucuları alimin bu haqda fikirləri ilə tanış edir.
Akademikin sözlərinə görə, koronavirusun ağır gedişatı zamanı əslində “klassik” pnevmoniyaya deyil, kimyəvi pnevmonit inkişaf edir. Bu çox ağır və olduqca çətin müalicə olunan pozulmadır.
“Kimyəvi pnevmonit pnevmoniya deyil, bu virusun nəfəs yollarının aşağı hissələrinə daxil olmasıdır. Gialuron turşusu alveolların boşluqlarına dolur, buna cavab olaraq kapilyar və damarlarda spazm və tromblar yaranır və nəticədə oksigen çatışmazlığı inkişaf edir”, - akademik bildirib.
Alimin sözlərinə görə, belə vəziyyətdə alveollar “yox olur”. Hava mübadiləsi məhz alveolların sayəsində baş verdiyi üçün alveollar məhv olanda nəfəsalma prosesi faktiki olaraq mümkünsüz olur. Belə vəziyyətdə süni tənəffüs aparatlarının effektivliyi də kəskin azalır. Aparat oksigeni ağciyərə vursa da bu oksigeni orqanizmə çatdıran toxuma artıq yoxdur. Ağır oksigen çatışmazlığı nəticəsində bütün orqan və sistemlər (ürək, böyrəklər, beyin və s.) tədricən sıradan çıxır.
Saglamolun.Az