Xaya hidropsu

Adi halda xaya qişası xüsusi maye ifraz edir ki, bu da xaya üçün sanki “sürtgü yağı” funksiyasını daşıyaraq, onun xayalıq daxilində sərbəst hərəkət etməsini təmin edir.

Normal halda bu mayenin ifraz olunması və onun geri sorulması prosesində müəyyən bir tarazlıq olur.

Bu prosesdə tarazlığın pozulması baş verdikdə, ifraz olunan maye xayanın qişaları arasında toplanmağa başlayır ki, nəticədə xayanın hidropsu inkişaf edir.

Xaya hidropsu anadangəlmə və qazanılma olur. Xəstəlik yenidoğulmuşların təxminən 10%-də təsadüf edilir və əksər hallarda, heç bir müalicə aparılmadan, uşağın 1 yaşınadək olan müddət ərzində keçib gedir.

Qazanılma xaya hidropsu kişilərin istənilən yaş qrupunda təsadüf edilə bilər. Onun əsas inkişaf səbəbləri aşağıdakılardır:

- xayanın kəskin və xroniki xəstəlikləri;

- xayanın travması;

- ürək-qan damar çatmazlıqları;

- xaya orqanlarının şiş xəstəlikləri;

- bir sıra cərrahi əməliyyatlar və s.

Xaya hidropsu ağrısız və digər hər hansı bir pozğunluq olmadan inkişaf edir. Mayenin yığılması tədricən (bəzən isə birdən-birə, sıçrayışla) və hiss edilmədən baş verir. Xayalığın ölçüsünün artması bir çox hallarda çox olmur. Lakin bəzi hallarda onun ölçüsü xeyli dərəcədə artaraq, futbol topunun ölçülərinə qədər çata bilər. Bir çox hallarda, xaya hidropsu yalnız fiziki və estetik narahatlıqdan başqa, xayanın qan dövranının pozulması və bu zaman xayalıqda temperaturun artması səbəbindən sonsuzluğa da səbəb ola bilər. Xaya hidropsunun ölçüləri çox böyük olduğu hallarda, sidik ifrazı və cinsi əlaqə zamanı da müəyyən çətinliklər və narahatlıqlar baş verə bilir.

Xaya hidropsunun diaqnozu həkim baxışı, xayalığın USM və diafanoskopiya (xayanın xüsusi işıqlandırılması) vasitəsi ilə qoyulur.

Xaya hidropsunun əsas müalicəsi isə - cərrahi müdaxilədir.

Saglamolun.Az