Загрузка...

Badam və badam yağının faydalı xüsusiyyətləri

"Püstə, badam, noğul, nabat, ləbləbi...". Məşhur mahnılardan birində deyildiyi kimi, badam süfrələr yaraşığı, məclislər bəzəyidir.

Onsuz bayram süfrəsini təsəvvür etmək çətindir. Qənnadı sənayesində şirin ləpəli badamdan istifadə etməklə müxtəlif şirniyyatlar hazırlanır. Lakin badam müalicə vasitəsi kimi tibdə də geniş istifadə olunur.

Badam ləpələri doymamış yağ turşuları və bitki zülallarının təbii mənbəyidir və həmin maddələr orqanizmdə rahat mənimsənilir. Tərkibində olan zülallar orqanizm üçün vacib əvəzolunmayan aminturşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor, maqnezium çox miqdardadır. Acı badamın tərkibində amiqdalin qlikozidinin olması ləpəyə acı dad və özünəməxsus qoxu verir.

Tərkibindəki külli miqdarda E vitamini orqanizmə güclü antioksidant təsir göstərir. Sərbəst radikalları neytrallaşdıraraq onların orqanizmdən xaric olmasını sürətləndirir, hüceyrələrin qocalması və dərinin qırışmasının qarşısını alır. E vitamini və Omeqa-3 orqanizmə asan sorulan formada olduğu üçün damarqoruyucu təsir göstərir, aterosklerotik düyünlərin əmələ gəlməsi və yaşla əlaqədar yaddaş zəifliyinin qarşısını alır.

Tərkibində olan B1 vitamini-tiamin orqanizmi enerji ilə təmin edir, immun sistemi möhkəmləndirir, B2 vitamini-riboflavin hemoqlobin sintezində iştirak edən bir çox fermentlərin tərkibinə daxildir. B6 vitamini-piridoksin sinir sisteminin funksional fəaliyyətini yaxşılaşdırır, stresə qarşı dözümlüyü artırır, B9 vitamini-fol turşusu qanda ürək qan-damar xəstəliklərinin yaranmasına səbəb olan zərərli xolesterinin miqdarını azaldır, qaraciyərin işini yaxşılaşdırır.

Qidalanma zamanı badamdan istifadə ediləndə orqanizm qrip, soyuqdəymə və virus infeksiyalarına qarşı daha dözümlü olur. Toxum qabığının tərkibində olan maddələr virus infeksiyasına yoluxmuş qadınların sağalmasını sürətləndirir.

Şirin badam xalq təbabətində qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi bəzi xəstəliklər zamanı istifadə edilir. Badam qaraciyərin və dalağın işini yaxşılaşdırır, yüngül ödqovucu təsir göstərir, həzmi və iştahanı normallaşdıraraq yumşaldıcı təsir göstərir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələrin regenerasiya prosesini stimulə edir.

Badam yağı

Badamı qiymətli edən həm də onun tərkibində yüksək miqdarda olan yağlardır. Acı badamda 45 faiz, şirin badamda isə 62 faiz yağ olur və onu soyuq presləmə yolu ilə alanda öz mülicəvi xüsusiyyətlərini saxlayır. Əczaçılıqda dərialtı inyeksiyaların, məlhəm və şamların hazırlanmasında istifadə edilir. Acı badam yağının tərkibində olan amiqdalin qlikozidi və sianid turşusuna görə onu daxilə qəbul etmək olduqca təhlükəlidir və yalnız xaricə tətbiq edilir.

Şirin badam yağı isə həm daxilə, həm də xaricə istifadə edilir. Qəbizlik, pnevmoniya, bronxial astma və otit zamanı daxilə qəbul edilən şirin badam yağının iltihabəleyhinə, bəlğəmgətirici, sakitləşdirici və yumşaldıcı təsirləri var. Yuxunu yaxşılaşdırır, zehni qabiliyyəti artır.

Onunla masaj ediləndə asanlıqla sorulur, allergik reaksiya vermədən dərini nəmləndirir, qidalandırır və yenilənməsini sürətləndirir. Üz dərisi və kipriklərdən kosmetik vasitələrin silinməsi üçün ideal vasitədir. Badam yağı saç köklərini qidalandıraraq möhkəmləndirir, saçların elastikliyini və parlaqlığını artırır.

Badamın istifadəsinə əks göstərişlər

Yüksək kalorili olduğuna görə piylənmədən əziyyət çəkənlər menyuda badamı məhdudlaşdırmalıdır. Ürək-damar sisteminə birbaşa təsir göstərdiyinə görə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Tərkibində amiqdalin qlikozidi, benzaldehid və güclü zəhərləyici təsirə malik sianid turşusu acı badamın və ya yetişməmiş şirin badamın yeyilməsi zəhərlənməyə səbəb ola bilər. Böyüklərin 50, uşaqların 10 ədəd çiy acı badam yeməsi ölümcül doza ola bilər.

Badam aktiv allergen ola bilər və ona qarşı allergiya zamanı tənəffüs çətinləşir, qaşınma, ağızın və qırtlağın selikli qişası ödemləşir.

Badamın kosmetologiya istifadəsi

Quru və həssas dəri üçün maska

1 xörək qaşığı üyüdülmüş badam ləpəsi üzərinə sıyıq halına gələnə qədər xama əlavə edilərək qarışdırılır. Üz, boyun və sinə nahiyəsinə çəkilərək 30 dəqiqə saxlanandan sonra soyuq suyla yuyulur.

Yağlı dəri üçün skrab

5 ədəd xırdalanmış badam ləpəsi üzərinə 1 xörək qaşığı qəhvəüyüdəndə toz halına salınmış yulaf yarması və 1 ədəd çalınmış yumurta ağı əlavə edilərək qarışdırılır. Üz, boyun və sinənin təmiz dərisinə masaj edilərək çəkilir. 2-3 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyulur.

Herba Flora şirkətinin soyuq prasləmə üsulu ilə istehsal etdiyi Fitooil Badam yağı unikal tərkibini və müalicəvi xüsusiyyətlərini tam saxlayır.

Mənbə: Herba Flora jurnalı

 

.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
Яндекс.Метрика