Süfrələr yaraşığı, məclislər bəzəyi və sağlamlıq vasitəsi

Badam süfrələr yaraşığı, məclislər bəzəyidir. Qənnadı sənayesində onun şirin ləpələrindən istifadə edilərək müxtəlif şirniyyatlar hazırlanır.

Lakin badam müalicə vasitəsi kimi də tibdə geniş istifadə olunur.

Azertag.az bildirir ki, badam ləpələri doymamış yağ turşuları və bitki zülallarının təbii mənbəyidir və həmin maddələr orqanizmdə rahat mənimsənilir. Tərkibində olan zülallar orqanizm üçün vacib və əvəzolunmayan aminturşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor və maqneziumla zəngindir. Acı badamın tərkibində amiqdalin qlikozidin olması ləpəyə acı dad və özünəməxsus qoxu verir.

Tərkibindəki külli miqdarda E vitamini orqanizmə güclü antioksidant təsir göstərir. Qidalanma zamanı badamdan istifadə ediləndə orqanizm qrip, soyuqdəymə və virus infeksiyalarına qarşı daha dözümlü olur. Toxum qabığının tərkibində olan maddələr virus infeksiyasına yoluxanların sağalmasını sürətləndirir.

Şirin badam xalq təbabətində qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi bəzi xəstəliklər zamanı istifadə edilir. Badam qaraciyərin və dalağın işini yaxşılaşdırır, yüngül ödqovucu təsir göstərir, həzmi və iştahanı normallaşdıraraq yumşaldıcı təsir göstərir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələrin regenerasiya prosesini stimulə edir.

Badamı qiymətli edən onun tərkibində yüksək miqdarda olan yağlardır. Acı badamda 45, şirin badamda isə 62 faiz yağ olur və onu soyuq presləmə yolu ilə alanda öz müalicəvi xüsusiyyətlərini saxlayır. Əczaçılıqda dərialtı inyeksiyaların, məlhəm və şamların hazırlanmasında istifadə olunur. Acı badam yağının tərkibində olan amiqdalin qlikozidi və sianid turşusuna görə daxilə qəbul edilməsi çox təhlükəlidir və onun yalnız xaricə istifadəsi məsləhətdir.

Şirin badam yağı isə həm daxilə, həm də xaricə istifadə edilir. Qəbizlik, pnevmoniya, bronxial astma və otit zamanı daxilə qəbul edilən şirin badam yağının müalicəvi təsirləri var. Yuxunu yaxşılaşdırır, zehni qabiliyyəti artırır.

Onunla masaj ediləndə asanlıqla sorulur, allergik reaksiya vermədən dərini nəmləndirir, qidalandırır və yenilənməni sürətləndirir. Üz dərisi və kipriklərdən kosmetik vasitələrin silinməsi üçün ideal vasitədir. Badam yağı saç köklərini qidalandıraraq möhkəmləndirir, tüklərin elastiklik və parlaqlığını artırır.

Saglamolun.Az




 

 

 

Stopdiar - İshal əleyhinə

 


Яндекс.Метрика