82. əl-İnfitar surəsi

əl-İnfitar (Parçalanma) surəsi

(Məkkədə nazil olmuşdur, 19 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Göy parçalanacağı zaman;
2 - Ulduzlar dağılıb səpələnəcəyi zaman;
3 - Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
4 - Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;
5 - Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!
6 - Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?
7 - O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
8 - Sənə Özü istədiyi surətdə biçim verdi.
9 - Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
10 - Sizin üstünüzdə gözətçi mələklər -
11 - (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.
12 - Onlar sizin nə etdiklərinizi bilirlər.
13 - Həqiqətən, yaxşı əməl və itaət sahibləri (möminlər) Cənnətdə qərar tutacaqlar.
14 - Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.
15 - Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.
16 - Onlar əsla oradan çıxan deyillər!
17 - (Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!
18 - Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət!)
19 - O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!

Saglamolun.Az