əl-Ələq (Laxtalanmış qan) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
2 - O, insanı laxtalanmış qandan yaratdı.
3 - (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4 - O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
5 - (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
6 - Xeyr, insan azğınlıq edər,
7 - Özünün dövlətli olduğunu gördüyü üçün!
8 - Axı sənin axır dönüşün Rəbbinədir!
9 - Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
10 - Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
11 - Bir de görək, əgər o doğru yoldadırsa,
12 - Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!
13 - (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə,
14 - Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
15 - Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
16 - Özü də yalançı, günahkar kəkilindən!
17 - Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
18 - Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
19 - Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!
Saglamolun.Az