əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
(Məkkədə nazil olmuşdur, 50 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
2 - And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
3 - And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
4 - And olsun (haqla batili) ayıranlara;
5 - And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
6 - (Möminlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
7 - Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır!
8 - Ulduzlar sönəcəyi;
9 - Göy yarılacağı;
10 - Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
11 - Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
12 - (Belə soruşulacaqdır: ) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
13 - (Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”
14 - Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
15 - O gün vay halına (qiyaməti) yalan sayanların!
16 - Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
17 - Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
18 - Biz günahkarlarla belə rəftar edirik.
19 - O gün vay halına (qiyaməti) yalan sayanların!
20 - Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
21 - Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
22 - Müəyyən bir vaxta qədər.
23 - Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
24 - O gün vay halına (qiyaməti) yalan sayanların!
25 - Məgər Biz yeri məskən etmədikmi
26 - Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
27 - Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
28 - O gün vay halına (bu nemətləri) yalan sayanların!
29 - (O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
30 - Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”
31 - O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
32 - O (hər biri) bir saray boyda qığılcımlar saçar.
33 - O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
34 - O gün vay halına (qiyaməti) yalan sayanların!
35 - Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
36 - Onlara üzr istəməyə izin də verilməz.
37 - O gün vay halına (qiyaməti) yalan sayanların!
38 - Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
39 - (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
40 - O gün vay halına (qiyaməti) yalan sayanların!
41 - Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
42 - İstədikləri meyvə içində olacaqlar!
43 - (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
44 - Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
45 - O gün vay halına (qiyaməti) yalan sayanların!
46 - (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
47 - O gün vay halına (qiyaməti) yalan sayanların!
48 - Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!
49 - O gün vay halına (qiyaməti) yalan sayanların!
50 - (Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
Saglamolun.Az