ən-Nəbə (Böyük xəbər) surəsi
(Məkkədə nazil olmuşdur, 40 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?
2 - Böyük bir xəbər (qiyamət günü) haqqında!
3 - Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
4 - Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
5 - Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
6 - Məgər Biz yeri döşək etmədikmi?!
7 - Dağları da dirək?!
8 - Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
9 - Yuxunuzu da istirahət etdik.
10 - Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.
11 - Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
12 - Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
13 - Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
14 - (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
15 - Onunla dən və bitki yetişdirək,
16 - Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.
17 - Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
18 - Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
19 - (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
20 - Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
21 - Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
22 - O, azğınların məskənidir.
23 - Onlar orada sonsuz müddət qalacaqlar.
24 - Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
25 - Qaynar sudan və irindən başqa!-
26 - (Dünyadakı əmələrinə) uyğun cəza olaraq.
27 - Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
28 - Ayələrimizi də elə hey təkzib edirdilər.
29 - Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
30 - İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
31 - Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
32 - Bağçalar və üzüm bağları,
33 - Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
34 - (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
35 - Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
36 - (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
37 - Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
38 - Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
39 - Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
40 - Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.
Saglamolun.Az