Hamiləliyin 6-cı ayı (21-24-cü həftələr). Hamiləliyin və dölün inkişafı

6-cı ayının sonu 2-ci trimestrin (üçaylıq) sonu deməkdir.  

Hamiləliyin 6-cı ayında qadınlarda əl, ayaq, üz nahiyələrində cüzi ödemlər (şişkinlik) əmələ gələ bilər. Bu patoloji hal sayılmır. Ödemlərin qarşısını amaq üçün duzlu, ədviyyatlı, qızardılmış qidalardan imtina etmək, axşam saatlarında mayenin qəbulunu azaltmaq lazımdır. Lakin ödemlər artırsa, mütləq həkimə müraciət edin.

Qarın və süd vəziləri böyüdükcə dəri dartılır və üzərində zolaqlar (striyalar) əmələ gəlir. Striyaların profilaktikası üçün dərini daim nəmləndirmək, yüngül massaj etmək yaxşıdır.

Alın, burun və yanaqlarda ləkələr əmələ gələ bilər. Buna xloazm deyilir. Doğuşdan sonra onlar yox olur.

Uşaqlıq böyüdükcə bel nahiyəsində ağrılar əmələ gələ bilər. Həkimlə məsləhətləşin. Lazım olduqda həkim sizə xüsusi bandaj təyin edəcək.

Hamiləliyin 2-ci yarısında qadınlarda uşaqlıq yolundan ifrazatlar arta bilər. Ağ kəsmiyə bənzəyən ifrazatlar, qaşınma, yandırma hissi göbələk infeksiyanın simptomlarıdır. Həkimə müraciət edin. Lazım olduqda həkim xüsusi müalicə təyin edəcək.  

Hamiləliyin 6-cı ayında orqanizmdə dövr edən qanın həcmi 40% artır. Arterial təzyiqinizə daim nəzarət edin. Hamiləlik zamanı arterial təzyiqin artması təhlükəli haldır.

Həmçinin hemoqlobinin səviyyəsinə də nəzarət etmək lazımdır ki, həqiqi anemiya inkişaf etməsin.

6-cı ayın sonunda dölün uzunluğu orta hesabla 27-28 sm, çəkisi 500-600 qr təşkil edir. Dölün hərəkətliliyinin ciddi şəkildə azalması və ya əksinə artması təhlükəli simptom sayılır. Belə halda mütləq həkimə müraciət edin.   

Hamiləliyin 6-cı ayında bəzən hamiləliyin ağırlaşması olan hestoz inkişaf edə bilər. Hestozun səbəbləri sona qədər məlum deyil. Hestoz ödemlər, arterial təzyiqin artması, sidikdə zülal kimi simptomlarla müşayiət olunur.  Bu ağırlaşmanın ağırlıq dərəcəsi müxtəlif ola bilər, lakin müalicə mütləq lazımdır. Hestozun ağır formaları döl və ananın sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradır.

Saglamolun.Az