Rezus-faktor üzrə ana və döl qanının uyğunsuzluğu

 

 

 

 

 

 

 

 

 

Rezus-faktor (Rh) - insan eritrositlərində olan spesifik zülal olub insanların 85%-nin qanında aşkar edilir (15%-də isə təsadüf edilmir). Birincilər müsbət rezus-faktorlu (Rh+), ikincilər mənfi rezus-faktorlu (Rh-) adlanır.

Əgər atanın qanı rezus-müsbət, ananın qanı isə rezus-mənfidirsə, böyük ehtimal var ki, doğulacaq uşağın qanı rezus-müsbət olacaqdır.
Bu halda ana ilə döl arasında rezus-münaqişə (uyğunsuzluq) yarana bilər. Ananın qanı rezus-müsbət, atanın rezus-mənfi olduqda və ya valideynlərin hər ikisinin qanı rezus-mənfi olduqda, hamiləlik zamanı rezus-münaqişə inkişaf etmir.
Hamiləlik dövründə rezus-münaqişələrin baş verməsinin səbəbi - qanı rezus-müsbət olan dölün qanındakı eritrositlərin, qanı rezus-mənfi olan ananın qan dövranına daxil olmasıdır (bu hal hamiləliyin 7-8-ci həftəliyindən başlayır). Bu zaman ananın immun sistemi dölün qanındakı eritrositləri yad kimi qəbul edərək onlara qarşı xüsusi zülallar - anticisimlər hazırlayır. Bu anticisimlərin məqsədi isə, rezus-mənfi ana üçün yad olan dölün rezus-müsbət eritrositlərini məhv etməkdən ibarətdir. Daha sonra bu anticisimlər cift vasitəsilə dölə keçərək onun eritrositlərini məhv etməyə başlayırlar. Nəticədə döldə və ya yeni doğulmuş uşaqda hemolitik xəstəliyin inkişaf etməsi təhlükəsi yaranır.
Hemolitik xəstəliyi zamanı dölün eritrositləri daim parçalandığı üçün onun qara ciyəri və dalağı həddən artıq yüklənmiş olur ki, bu da onların ölçülərinin artması ilə nəticələnir. Hemolitik xəstəliyin əsas əlamətləri – qara ciyərin və dalağın ölçülərinin artması, dölyanı suların çoxalması, ciftin qalınlaşmasından ibarətdir ki, bunu da dölün ultrasəs müayinəsi zamanı aşkar etmək olur.

Dölün hemolitik xəstəliyi zamanı ananın qanında olan anticisimlər dölün qanındakı eritrositləri parçalayır. Bu isə döldə anemiyanın (hemoqlobinin miqdarının azalması) yaranmasına, həmçinin onun böyrəklərinin və baş beyinin zədələnməsinə səbəb olur. Xəstəliyin ən ağır formalarında, qara ciyər və dalaq onların üzərinə düşən gərginliyə tab gətirə bilmədikdə döldə kəskin oksigen çatışmazlığı yaranmağa başlayır. Bunun nəticəsində isə hamiləliyin müxtəlif dövrlərində hemolitik xəstəlik daha da ağırlaşaraq dölün ana bətnində tələf olmasına səbəb ola bilər.
Birinci hamiləlikdə anticisimlərin sayı az olur və uşaq, adətən, sağlam doğulur. İkinci hamiləlikdə isə bu anticisimlər daha tez və daha sürətli yaranır ki, hemolitik xəstəliyin inkişaf etməsi təhlükəsi də olduqca artır.    
Bir çox hallarda rezus-münaqişə uşaq doğulduqdan sonra özünü büruzə verir. Bu, doğuş zamanı ciftin damarlarının tamlığının pozulması nəticəsində xeyli miqdarda ananın anticisimlərinin uşağın qanına daxil olması səbəbindən baş verir. Yenidoğulmuşların hemolitik xəstəliyi anemiya və fizioloji olmayan sarılığın (bu barədə 82-ci səhifədə oxuya bilərsiniz) yaranması ilə özünü büruzə verir. Belə uşaqlara təcili şəkildə xüsusi tibbi yardım göstərilməsi tələb olunur.
Qanı rezus-mənfi olan qadınlar bütün hamiləlik dövründə mütləq həkim nəzarəti altında olmalıdırlar. Bu zaman vaxtaşırı olaraq onların qanında anticisimlərin səviyyəsi yoxlanılır, döldə hemolitik xəstəliyin erkən diaqnostikası üçün USM və digər müayinələr aparılır. Profilaktika məqsədi ilə ikinci hamiləlikdə rezus-konfliktin baş verməməsi üçün (dölün qanı rezus-müsbətdirsə) doğuşdan sonra qadına xüsusi antirezus immunoqlobulini yeridilir. Bu immunoqlobulin rezus-mənfi anaya dölsalmadan, uşaqlıqdankənar hamiləlikdən, abortdan, ciftin hopmasından sonra da yeridilməlidir.
Uşaqlarda hemolitik sarılıq ana və uşağın qan qruplarının uyğunsuzluğu zamanı da yarana bilər. Bu, ananın qan qrupu 0 (I), dölün qan qrupu isə A (II) və ya B (III) olduqda baş verə bilər.


Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

 


Яндекс.Метрика