Diqqət! Qlaukoma!

Bəzi göz xəstəlikləri özünü az büruzə verərək inkişaf etsələr də, nəticədə korluğa gətirib çıxarır. Onlardan biri də qlaukomadır - gözdaxili təzyiqin artması ilə müşayiət olunan göz xəstəliyi.

Gözün normal fəaliyyəti üçün gözdaxili mayenin xüsusi əhəmiyyəti var və həmin maye də dayanmadan yeniləşir. Onun artığı isə gözün xüsusi drenaj sistemi vasitəsilə xaric olaraq qan-damar sisteminə ötürülür. Bu incə mexanizm o qədər dəqiq işləyir ki, gözdaxili təzyiq sabit olaraq qalır. Xüsusi göz tonometri ilə ölçülən həmin göstərici, müxtəlif insanlarda fərqlənsə də, onun orta göstəricisi - civə sütununun 16-25 mm arasında olur.

Gözdaxili mayenin hasilatı və gözdən xaric edilməsi arasında tarazlıq pozulduqda, həmin mayenin həcmi çoxalır və buna müvafiq olaraq gözdaxili təzyiq artır. Bunun nəticəsində isə göz toxumalarının işemiyası (qanla təminatının pozulması) və hipoksiyası (oksigen çatmazlığı), ardınca isə görmə sinirinin tellərini sıxılması, distrofiyası və tədricən məhv olması baş verir. Qlaukoma zamanı görmə sinirinin məhvi geri dönməz xarakter daşıyır və korluğa gətirib çıxarır!

Xəstəliyin gedişatının daha kəskin variantı – göz təzyiqinin kəskin artması və hər an gözlənilə bilən şiddətli tutmanın baş verməsidir. Adətən bu hadisə əsəb gərginliyi, həddindən artıq yorulma, uzun müddət qaranlıqda və ya zəyif işıqlandırılmış otaqda qalma, dərman preparatlarından istifadə edərək göz bəbəyini genəltmə, başı əyilmiş vəziyyətdə iş görmə və ya böyük həcmdə maye qəbul etmədən sonra baş verir. Bəzən isə tutmanın səbəbi məlum olmur.

Qlaukoma tutması zamanı xəstə şiddətli göz və baş ağrısı, dumanlı görmə və ya görmə qabiliyyətinin kəskin zəyifləməsi, işığa baxarkən rənbərəng dairələrin görünməsini hiss edir. Bəzən ürək bulanma, qusma, ümumi zəyiflik, ürək və qarın nahiyyəsində ağrı qeyd olunur. Qlaukoma tutmasını çox vaxt miqren, ürək tutması, qarın ağrısı və hətta adi qriplə də səhv salırlar. Nəticədə isə çox qiymətli vaxt itirilir! İlk saatlar ərzində medikamentoz (dərman preparatları vasitəsilə) və ya cərrahi yolla gözdaxili təzyiq azaldılmazsa, xəstə çox ağır fəsadlarla və hətta ömürlük korluqla üzləşə bilər. Qlaukoma tutması təxirəsalınmaz hal olduğu üçün təcili tibbi yardım tələb edir.

Qlaukoma yaşı 40-dan artıq olan şəxslər arasında daha çox qeyd edilsə də, bir sıra hallarda gənclər və hətta körpələrdə də bu xəstəliyə rast gəlinir. Anadangəlmə qlaukoma hər 10-20 min yenidoğulmuşlardan birində qeyd olunur və onun səbəbləri kimi də hamiləlik vaxtı baş vermiş yoluxucu xəstəliklər (məxmərək, parotit, poliomiyelit, yatalaq, sifilis və s.), qalxanvari vəz xəstəlikləri, hamiləlik zamanı mexaniki travmalar, zəhərlənmələr, alkoqol qəbulu, ionlaşdlrıcı radiasiyanın təsiri, doğuş zamanı zədələnmələr və s. göstərilir.

Qlaukomaya meyllilik amilləri

- irsiyyət. Yaxın qohumlarınızda bu xəstəlik qeyd olunubsa – sayıq olun, mütəmadi olaraq oftalmoloqun (yəni, göz həkiminin) müayinəsindən keçin!

- ahıl yaş.

- şəkərli diabet. Bu xəstəliyin gözə fəsad verməsi məlumdur – həkim-endokrinoloqun təyin etdiyi dərmanları vaxtında qəbul edin və pəhrizə riayət edin, qanda şəkər səviyyəsini nəzarətdə saxlayın!

- yüksək arterial təzyiq;

- ateroskleroz;

- boyun fəqərələrinin osteoxondrozu;

- qalxanvari vəzi xəstəlikləri;

- sinir sistemi xəstəlikləri;

- miopiya (uzağı görməmə xəstəliyi);

- gözün müxtəlif iltihabi və distrofik xəstəlikləri;

- katarakta;

- gözün zədələnməsi, yanması, şişləri;

- kəllə-beyin travması;

- kortikosteroid (hormonal) preparatların uzun müddət qəbulu;

- müxtəlif intoksikasiyalar (zəhərlənmələr) – xüsusən də zəhərli maddənin az miqdarda olsa da uzun müddətli təsiri.

Yuxarıda sadalanan risk amillərindən hər hansı qeyd olunarsa, həmin şəxs mütəmadi olaraq hər il göz həkiminin müayinəsindən keçməlidir. Ümumiyyətlə, 40 yaşından sonra hətta bu amillər mövcud olmasa belə, illik müayinədən keçməyiniz və göz təzyiqinizi ölçdürməyiniz məsləhət görülür.

Saglamolun.Az