Zob xəstəliyi. Həkimdən məsləhət

İnsan bədənində yod çatışmazlığı qalxanabənzər vəzinin xəstəliklərinə səbəb olur.

El arasında bu xəstəlik zob adlandırılır. Zob xəstəliyinin əsas səbəbi orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Bu xəstəlik yod çatışmazlığı olan ölkələrdə daha çox olur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu xəstəliyə qadınlarda kişilərə nisbətən beş dəfə çox rast gəlinir.

Endokrinoloq cərrah Xaqani Həsənovun fikrincə, qalxanabənzər vəzinin xəstəlikləri ürəyin fəaliyyətinə təsir göstərə bilər.

“Əgər bu xəstəliklə vaxtında mübarizə aparılmasa, zob insan sağlamlığında daha ağır problemlərə gətirib çıxara bilər. Qalxanabənzər vəzinin xəstəlikləri ilə bağlı nələri bilmək lazımdır? Bu sual xəstələr tərəfindən tez-tez səslənir”, - Oxu.Az-ın müsahibi bildirib.

Mütəxəssisin sözlərinə görə, pis ekoloji şərait, suda və qidada yod çatışmazlığı bu xəstəliyə səbəb olan əsas amillərdəndir.

“Qalxanabənzər vəzi iki paydan ibarədir, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Çəkisi 20-30 qram olur. Qalxanabənzər vəzin hormonları tiroksin, triyodtironin, diyodtironindir”, - X.Həsənov bildirib.  

O əlavə edib ki, autoimmun tireoidit kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir.

“Bu xəstəlik qalxanvari vəzinin iltihabı nəticəsində meydana gəlir və immun sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Bu xəstəlik nəsildən nəsilə ötürülür.

Onu çox vaxt Xaşimoto xəstəliyi də adlandırırlar. Çünki xəstəlik ilk dəfə 1912-ci ildə yapon cərrah Xakaru Xaşimoto tərəfindən aşkar edilib”, - o qeyd edib.

X.Həsənov bildirib ki, autoimmun tireoidit xəstəliyinə qadınlarda kişilərə nisbətən 10 dəfə daha çox rast gəlinir.

“Xaşimoto xəstəliyi öz-özlüyündə təhlükəli diaqnoz deyil. Xaşimoto tiroiditi hipotiroidizmin inkişafı üçün risk faktorudur. Hamiləlik və doğuş tiroiditin meydana gəlməsinə səbəb ola bilər. Bu dövrdə həkim nəzarəti ilə xəstəlikdən asanlıqla yayınmaq olar”, - həkim qeyd edib.

O əlavə edib ki, autoimmun tireoidit az rast gəlinən variantlarından biri sitokin-indusir tireoiditdir.

“İnkişafa səbəb xəstələrə Hepatit C və ya qan xəstəliyinə qarşı preparatların verilməsidir. Belə ki, xəstəlik müalicə dövründə və ya müalicədən iki ay sonra da meydana çıxa bilər. Qeyd etmək istərdim ki, əgər xəstəyə autoimmun tireoidit diaqnozu qoyulubsa, analizlərin təkrarlanmasının heç bir mənası yoxdur”, - X.Həsənov bildirib.

Sonda Oxu.Az-ın müsahibi bildirib ki, qalxanabənzər vəzinin hormonları maddələr mübadiləsini (metabolizmi) və orqanizmin (homeostaz) daxili mühitinin sabitliyini dəstəkləyir.

“Bir çoxlarımız insanlardan belə ifadələr eşidirik: “Az yesəm də, yenə də kökəlirəm”. Bu insanların əksəriyyətinin sözlərində həqiqət var. Bu, qalxanabənzər vəzinin hormonlarının maddələr mübadiləsinə təsiri ilə bağlıdır.

Əgər qalxanabənzər vəzinin hormonlarının ifrazı zəifdirsə, onda maddələr mübadiləsinin sürəti 30-40 faiz aşağı olacaq. Bu isə o deməkdir ki, siz az qidalansanız da, bütün hallarda kökələcəksiniz.

Bəzilərimiz isə uşaqların valideynlərindən belə fikirlər eşidir: “Uşağım arıqdır, ancaq heç nədən imtina etmir və yaxşı qidalanır”. Burada da hər şey əksinə olur. Hormonların ifrazı çox sürətlə baş versə, maddələr mübadiləsi 50 faiz yüksək olacaq. Buna görə də nə qədər yesəniz, arıq qalacaqsınız”, - cərrah bildirib.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика