Qalxanabənzər vəzi düyünlərinin incə iynə aspirasion biopsiyası (İİAB) müayinəsi düyünlü ur xəstəliyi (düyünlü zob) zamanı düyünlərdə xərçəng hüceyrələrinin varlığının araşdırılması üçün istifadə olunan çox önəmli bir müayinə üsuludur.
Əgər İİAB ultrasəs rəhbərliyi altında aparılarsa 95% kimi yüksək dəqiq nəticələrə nail olmaq mümkündür.
İİAB-ı ilk dəfə 1952-ci ildə İsveçin Karolinska Tibb Mərkəzində həkim Söderström tərəfindən tətbiq edilmişdir. Daha sonra, hər sahədə olduğu kimi, 1970-ci ildə Amerika Birləşmiş Ştatlarında bu müayinə üsulu istifadə edilmiş və bütün dünyada populyarlıq qazanmış və yayılmışdır.
Təəssüf hissi ilə bildirim ki, ölkəmizdə bu müayinə metodu 2011-ci ildən sonra həkimlərimiz tərəfindən qismən qəbul edilməyə başlansa da, hələ də çox az istifadə olunur.
Statistik məlumatlara görə, İİAB müayinəsi ABŞ-da tətbiq edildikdən sonra tiroid (zob) əməliyyatlarında 50% azalma müşahidə olunmuşdur. Bu da bir daha sübut edir ki, tiroid İİAB-sı gərərksiz cərrahi əməliyyatların qarşısını alan çox dəqiq bir müayinə üsuludur.
Hansı düyünlərə İİAB müayinəsi lazımdır?
Düyünlü ur (düyünlü zob) xəstəliyi olan və düyünün ölçüsünün 1 sm-dən böyük olan, sintiqrafiya müayinəsində soyuq kimi izlənən düyünlərin İİAB müayinəsi mütləqdir.
Çox nadir hallarda 1 sm-dən kiçik düyünlərin biopsiyası oluna bilər, lakin bunun üçün boyun bölgəsində patoloji limfa düyünlərinin olması gərəkir.
İİAB müayinəsinə xəstə hazırlığı lazımdırmı?
Bu müayinə üçün ciddi bir hazırlıq (ac və ya tox qarnına və s.) gərəkməz, lakin bəzi xəstələrdə qan durulducu preparatların (aspirin və s.) istifadəsinin 3 gün öncə dayandırması gərəkir.
Tiroid incə İynə aspirasion biopsiyası (İİAB) müayinəsi ağrısızdır və hər hansı bir ağrıkəsici preparata ehtiyac olmur.
Tiroid İncə iynə aspirasion biopsiyası düyünün bəd və ya xoşxassəli olmasını göstərən yeganə və ən dəqiq müayinə üsuludur.
Fuad Əliyev,
Tel.: (050) 319 33 83
.
Saglamolun.Az