Köhnə "tuj"dan istifadə etdi, kor oldu


CİDDİ İNFEKSİYA AŞKARLANIB
Avstraliyanın Adelaide şəhərində yaşayan Şirli Potter adlı yaşlı qadın, 20 il əvvəl aldığı köhnə “tuj”dan istifadə etdikdən sonra görmə qabiliyyətini tamamilə itirib.
Məlumata görə, qadın qızları ilə görüşə hazırlaşarkən köhnə kiprik boyasından istifadə edib. Növbəti gün qadının gözləri qızarıb, şişib və kəskin ağrı ilə müşayiət olunan güclü yanma hissi yaranıb. Bu narahatlıq bir neçə ay davam edib və nəticədə qadın həkimə müraciət etmək qərarına gəlib. Müayinə zamanı oftalmoloq onun gözlərində ciddi infeksiya aşkar edib. Həkimlərin ehtimalına görə, infeksiyanın əsas səbəbi istifadə etdiyi vaxtı keçmiş “tuj” olub. Antibiotiklərlə müalicə edilsə də, təəssüf ki, bu qadının görmə qabiliyyətini xilas edə bilməyib. Həkimlərin sözlərinə görə, o, qarşıdakı 3 il ərzində tamamilə kor ola bilər.
Mütəxəssislər göz kosmetikasının istifadə müddətinin 6 ayı keçməməli olduğunu və bu müddətin məhsulun qablaşdırmasında göstərildiyini qeyd edib. Kosmetika istifadəçilərinə isə belə məhsulların vaxtına diqqət yetirmək tövsiyə olunur.

Saglamolun.Az