Tanınmış müğənni Dəniz Əsədova Daxili işlər naziri Vilayət Eyvazova sosial şəbəkə üzərindən müraciət edib.
Saglamolun.az medicalmedia.az-a xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli nazir, mən 2019-cu il fevral ayında Baş Mütəşəkkil Cinayətkarlıq üzrə Mübarizə İdarəsinin araşdırması nəticəsində, əlillik dərəcələrinin verilib-verilməməsi ilə bağlı məsuliyyətə cəlb olunmuşam. Məsuliyyətə cəlb olunduğum dövrdə istintaqa və istintaqdan kənarda vətəndaşlara külli miqdarda pul ödəmişəm. Hətta, saxta əlillik dərəcəsi aldıqları üçün dövlət zərərlərini belə mən ödəmişəm. Dəfələrlə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa əlillik dərəcələrinin saxta verilməsi və təmin olunması, həkimlər tərəfindən vətəndaşlardan rüşvət alınması ilə bağlı müraciət etsəm də, müraciətimə baxılmayıb. Bu günə qədər yalnız mən məsuliyyətə cəlb olunmuşam. Rüşvət alan həkimlərlə bağlı heç bir tədbir görülməyib. Halbuki, mən məsuliyyətə cəlb edildikdə, mənə həmin idarədən deyilmişdi ki, sən zərərləri ödə, daha sonra həkimlərlə bağlı şikayət verərsən və onlar da məsuliyyətə cəlb edilər. Belə ki, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Kazımova Mehparə Musa qızı, 8 saylı Nərimanov rayonu Tibbi Sosial Ekspertiza komissiyasının sədri Verdiyev Şahin Səyyaf oğlu ilə bağlı heç bir araşdırma aparılmır, şikayətə baxılmır. 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimi İsfəndiyarov Rauf Mənsum oğlu şikayət əsasında məsuliyyətə cəlb olunsa da, azadlıqdadır. O dəymiş zərərin cəmi 100 manatını ödəyib, digər məbləğlə bağlı Korrupsiya İdarəsi araşdırma aparır. Amma digər həkimlər bu günə qədər heç bir məsuliyyətə cəlb edilməyiblər. Bununla əlaqədar mətbuat konfransı keçirib, cənab Prezidentə də müraciət etmişəm. 5 ildir hüquq-mühafizə orqanlarına rəsmi formada şikayət etsəm də, mənim şikayətlərimə baxılmır və heç bir araşdırma aparılmır. Mənə dəymiş maddi və mənəvi zərərlər ödənmir. Həkimlər tərəfindən mənim külli miqdarda pulum mənimsənilib. Hətta bu şikayətlərə baxılması üçün polis müsəntiqlərinə 88 min məbləğində pul da ödəmişəm. Amma bütün bunlara baxmayaraq, sözügedən həkimlərlə bağlı heç bir tədbir görülmür”.
Qeyd edək ki, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli qismində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir. Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Saglamolun.Az