“Bakı Ürək Günləri” konqresi keçirilir

“Bakı Ürək Günləri” konqresi artıq bir neçə ildir ki, həyata keçirilir və Azərbaycanda kardiologiyanın, ürək-damar cərrahiyyəsinin inkişafına öz töhfələrini verməyə davam edir”.

Medicalmedia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresin açılış mərasimində deyib.

Z.Əliyev qeyd edib ki, tibb elminin sürətlə inkişaf etdiyi dövrdə əcnəbi mütəxəssislər tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və sözügedən sahədə yeniliklərin müzakirəsi çox vacibdir:

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən əsas xəstəliklər arasında birinci yerdədir.  Ölkəmizdə də ölümlə nəticələnən xəstəliklər siyahısında qan dövranı sistemi xəstəlikləri ön sıralardadır.

Bildiyiniz kimi, 2021-ci ildən bütün ölkə ərazisində icbari tibbi sığorta tətbiq olunur. Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan xidmətlərdən yararlana bilirlər. Tibbi xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsinin əsas meyarlarından biri kimi son 5 ildə əhalinin ölüm faizi yüksək olan və sayında davamlı artım müşahidə olunan xəstəliklər çıxış edir. Beləliklə təsadüfi deyil ki, məhz ürək-damar sistemi xəstəliklərinin müayinə və müalicəsi icbari tibbi sığortanın təminatında geniş yer alıb. 

Qeyd edim ki, ürək-damar sistemi xəstəlikləri qrupuna aid ümumilikdə 400-ə yaxın diaqnoz üzrə xəstəliklər icbari tibbi sığortanın stasionar terapevtik müalicə təminatına daxil edilib. Bura ürəyin işemik xəstəliyi, miokard infarktı, ürək qapaqlarının zədələnməsi, qüsurları və sair xəstəliklər daxildir”.

İTSDA rəsmisi əlavə edib ki, Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatların 70-dən çoxu ürək-damar sistemində aparılan əməliyyatlardır:
“Bunların sırasında aorta-koronar şuntlama, ürək damarlarına stentlərin yerləşdirilməsi və sair kimi əməliyyatlar yer alıb. Bundan başqa ürək qüsurlarının diaqnostikası üçün istifadə olunan bir çox müayinələr də (elektrokardioqramma, doppler və rəngli exokardioqrafiya və s.) icbari tibbi sığorta hesabına həyata keçirilir.

Sevindirici haldır ki, icbari tibbi sığortanın tətbiqindən sonra bir çox cərrahi əməliyyatlar kimi ürək əməliyyatları da vətəndaşlar üçün daha əlçatan olub. Vətəndaşlarımız bu xidmətlərdən dövlət tibb müəssisələri ilə yanaşı, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində də yararlana bilirlər. Təkcə, ötən il Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində həm böyüklər, həm də uşaqlar üzərində 34000-dən çox ürək-damar əməliyyatı icra olunub. Cari ilin ilk 3 ayı üçün bu rəqəm 5000-dən çox təşkil edir. 
Bir məqamı da vurğulayım ki, dövlət tibb müəssisələrində kardioloji xidmətlərin təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən bir sıra tədbirlər görülür. Belə ki, artıq bu ildən ilk dəfə olaraq TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanasında ürək-damar cərrahiyyəsi mümkün olacaq. İlin əvvəlində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri yaradıldı. 

Bu gün əminliklə deyə bilərik ki, ölkə üzrə tətbiqinə başlanılan icbari tibbi sığorta vətəndaşlarımızın sağlamlığını qorumaları üçün yeni imkanlar yaradıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq bundan sonra da əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. 
Əminəm ki, kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsinə həsr olunan konqres hər kəs üçün faydalı olacaq”.

Daha ətraflı linkdən izləyə bilərsiniz. 

Saglamolun.Az