Qanunvericiliyə görə bina tikintisinə başlandığı andan etibarən 2 il ərzində istifadəyə verilməlidir. Ancaq paytaxtda kifayət qədər tikintisi yarım qalmış tikili var. Keçən il aparılan monitorinqlərdə müəyyən olunub ki, paytaxda 20 ildən çoxdur tikintisi davam edən 40-dan çox bina var.
Ekspertlər hesab edir ki, insanlar tikintisi yarım qalmış binalardan ev almaqdan çəkinməlidirlər. Çünki bu binaların tikilişinin bitməsi sual altındadır. Eyni zamanda burada hüquqi və fövqəladə hallarla bağlı risklər var. Məsələn, tikinti işini aparan investorun başına iş gələrsə, tikintini kim başa çatdırmalıdır? Ekspert Ramil Osmanlı məsələ ilə bağlı bunları bildirib:
“Bu məsələylə bağlı qanunda boşluqlar var. Tikintiyə icazə verən qurum varsa belə, ona nəzarət edən, bitməsini yoxlayan qurum yoxdur. Hansısa binanın nəzərdə tutulan tikilmə müddəti keçdikdə həmin qurum onlardan bunu tələb etməlidir.”
Millət vəkili Rüfət Quliyev isə bunları deyib:
“Şəhərsalma və arxitektura komitəsi binaların tikilməsinə icazə verir. Və eynilə onlar da bu prosesə nəzarət etməlidir. Mən də bu təşəbbüslə Milli Məclisdə çıxış edəcəyəm. Bu komitənin özü heç olmasa 2 aydan bir monitorinqlər keçirməlidir. Milli Məclisdə bu tikinti məsələlərinə nəzarət edən qurumun yaradılması və ya bu məsələyə nəzarət edilməsinin hansısa qurumun məsuliyyətinə götürülməsi təklif olunacaq.”
Saglamolun.Az