Diabetik pəncə

Bu şəkərli diabetin ağır fəsadlarından biridir. Diabetik pəncə sindromu olan insanda pəncələrdə xoralar əmələ gəlir, oynaqlar və sümüklər zədələnir.

Yaralar çox gec sağalır, onlarda infeksiya inkişaf edə bilər. Ən ağır vəziyyətlərdə bu qanqrena (bədənin bir yerində toxumaların çürüməsi) və amputasiya ilə (bədənin xəstə üzvünün kəsilməsi) nəticələnə bilər.

Diabetik pəncə sindromunun səbəbi diabet xəstələrinin ayaq damarlarında qan dövranının pozulmasıdır. Bunun nəticəsində qidalanması pozulmuş dəridə müxtəlif gec sağalan zədələnmələr əmələ gəlir. Həmçinin dəri soyuğa qarşı çox həssas olur.

Qanda şəkərin xroniki olaraq yüksəlməsi nəticəsində pəncələrdə sinirlərin keçiriciliyi pozulur və bunun nəticəsində bu nahiyədə həssaslıq azalır. Buna "diabetik neyropatiya" deyilir. Bunun nəticəsində diabet xəstəsi ayaqlarda ağrı, soyuq və ya isti temperaturun təsirini, təzyiq, demək olar, hiss etmir. Sağlam insana ağrı hissi vaxtında tədbir görməyə və özünü ağır travmadan qorumağa imkan verir. Diabet xəstələri isə eyni vəziyyətlərdə həssaslığın azalmasına görə travmalar alır. Ayaqlarda yanıqlar, sıyrıntılar və digər zədələnmələr bu xəstələrdə ağrısız keçir ki, onlar bu zədələnmələrə hətta qanqrena başlamayana kimi fikir vermir.

Diabet xəstələrin ayaqları tərləmir və hər zaman çox quru qalır. Quru dəri isə daha tez-tez çatlayır. Dabanlarda əmələ gələn çatlar tez-tez xoralara keçir.

Diabet xəstəliyi zamanı xəstələrin ayaqlarında həssaslıq azalır və bunun nəticəsində  oynaqlarda və sümüklərdə ağır deformasiyalar və zədələmələr inkişaf edir.

Diabet xəstəsi bu kimi zədələlənmələrə yol verməməlidir:

- ayaqlarda təsadüfi kəsiklər və sıyrıntılar;

- yanıqlardan sonra qabarcıqların əmələ gəlməsi;

- ayaqlarda və dırnaqlarda göbələk (xüsusilə barmaqlar arasında);

- dırnaqların dəriyə girməsi,

- pəncələrdə və barmaqlarda qabarlar,

- göyərmələr və qançırlar.

Xəstə bilməlidir ki, hətta ən cüzi zədələnmə çətin və gec sağalan xoraya keçə bilər. Xoraya bakteriyalar düşdükdə xəstədə qanqrena inkişaf edə bilər. Bu halda isə yalnız amputasiya xəstəni ölümdən xilas edə bilər.

Diabetik pəncənin əsas profilaktik üsulu qanda şəkərin səviyyəsinin normada saxlamaqdan ibarətdir. Əgər siz buna nail ola biləcəksinizsə, diabetik neyropatiyanın əksər simptomları müəyyən vaxtdan sonra keçəcək və həmçinin ayaq dərisində olan zədələnmələr sağalacaq.

Diabet xəstələri ayaqlarına düzgün və müntəzəm qulluq etməlidir. Bu qulluğun əsas prinsipləri:

- Siqaret çəkilməsi qan dövranını pisləşdirir. Bu səbəbdən şəkərli diabet xəstəsi siqaret çəkməməlidir.

- Duş və ya vanna qəbul etdikdə suyun temperaturuna fikir verin - su sərin olmalıdır (33 C). Su dərini yumşaldır və bu dərinin zədələnməsinin riskini artırır. Bu səbəbdən çalışın mümkün qədər tez çimin.

- Heç vaxt ayaqyalın gəzməyin - nə çöldə, nə də evdə.

- Ayaqlarınıza plastr yapışdırmayın. Onu qopardanda siz dərini zədələyə bilərsiniz.

- Ayaqlarınıza hər hansı dərmanı yalnız həkimlə məsləhətləşdikdən sonra çəkin.  Apteklərdə reseptsiz satılan bir çox vasitələr (yod, hidrogen peroksidi, salisil turşusu və s.) diabet xəstələri üçün uyğun gəlmir. Yaraların dezinfeksiyası üçün yod və ya hidrogen peroksidi istifadə etməyin. Xlorgeksidin (0,05%) və ya miramistin (0,01%) istifadə edin.

- Əgər ayaqlarınızda qabarlar əmələ gəlibsə, onları heç bir halda kəsməyin və ya hər hansı digər üsulla yox etməyin. Qabarların üzərində olan kobud dəri pəncələri sürtülmədən qoruyur. Qabarların kəsilməsi diabet xəstələrdə xoraların əmələ gəlməsinin  əsas səbəbidir. Əgər qabarlar əmələ gəlirsə, ortopedik ayaqqabıya keçin. Əgər ayaqqabı düzgün seçilibsə, ayaqlara olan artıq yükləmə azalacaq və qabarlar müəyyən vaxtdan sonra yox olacaqlar. Ümumillikdə diabet xəstələri üçün ortopedik ayaqqabı ən yaxşı seçimdir.

- Əgər xəstənin ayaq dırnaqları nazilirsə, bunun səbəbi bir çox hallarda göbələk infeksiyası olur. Əgər bu həqiqətən göbələk olarsa, həkim sızə xüsusi göbələkəleyhinə vasitə təyin edəcək. Təəssüf ki, göbələyin müalicəsi uzunmüddətli olur - 12 ay və bundan artıq.

- Təzə ayaqqabı aldıqda bunu axşam edin. Axşam saatlarında ayağın ölçüsü maksimal olur. Ayaqqabı rahat olmalıdır. Burnu nazik olan ayaqqabı geyinməyin. Xəstənin ayaqqabısı enli olmalıdır ki, barmaqlar üçün enli dərin yer olsun. Ən yaxşı seçim - xüsusi ortopedik ayaqqabıdır.

- Heç vaxt barmaqlar arası kəmərcik olan səndəl geyinməyin. Eyni ayaqqabı bir neçə gün ərzində geyinməyin. Xəstənin bir neçə cüt rahat ayaqqabısı olmalıdır. Ayaqqabı geyindikdən əvvəl onların içinə yaxşı baxın ki, orada xırda daşlar və s. olmasın.

- Rezinləri sıx olan corab və ya qolf geyinməyin. Onlar ayaqlarda qan dövranını pisləşdirir. Corab yaxşı vəziyyətdə olmalıdır (deşiklər, tikilmiş yerlər olmamalıdır). Corab  böyük ölçüdə və qalın tikişlərlə olmamalıdır. Keyfiyyətsiz köhnə corab dərini zədələyə bilər - əvvəl suluqlar, sonra xora əmələ gələ bilər.

- Xəstə hər gün ayaq dərisinə nəzarət etməlidir ki, orada suluqlar, sürtünmələr, göbələk və s. zədələnmələrin olmamasına əmin olsun. Barmaqlar arasında olan dəriyə fikir verin. Ayaqların altına baxmaq üçün güzgü istifadə edin. Əgər hər hansı zədələnmə olarsa, dərhal həkimə müraciət edin.

- Əgər ayaqlarınızın dərisi həddən artıq quruyursa, gündə ən azı 1 dəfə pəncələrinizə yağlı kremlərdən birini və ya maz çəkin.

- Sizin pəncələriniz daim quru və isti olmalıdır, üşüməməlidir və həddən artıq qızmamalıdır, tərləməməlidir.

Müəllif: Fariz İsayev, Damar cərrahı



Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика