Xəstəxanadan məşq zamanı ölən uşaqla bağlı açıqlama - KƏLLƏ-BEYİN TRAVMASI...

15-40

2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
 
Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, daxil olarkən vəziyyəti həddən artıq ağır qiymətləndirilib. Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb:
 
"Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub.
 
Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi olunub. Müayinənin nəticəsinə əsasən ciddi patologiya aşkar edilməyib.
 
Aparılan reanimasyon tədbirlərə baxmayaraq xəstədə saat 19:50 radələrində bioloji ölüm baş verib. Hadisə barədə polisə məlumat verilib. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib.
 
Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub".

 

14-00

"Fəridin döyülməsiylə bağlı videonu dünən gördüm. Həqiqətən də, dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı, uşağıma əl qaldırısın..".

Bu fikirləri News24.az-a açıqlamasında 7 yaşlı Fərid Bakarovun atası  Eyvaz Bakarov deyib. O, açıqlamasında bəzi detalları qeyd edib:

"Mehman istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və onun adını qaldırsın. 3-4 ay olardı ki, onunla məşğul olurdu. Əvvəllər onların videolarını görmüşdüm və hər şey normal idi. Bu videonu gördükdə dəhşətə gəldim. 7 yaşlı uşağın nə canı var?! Əgər narazıydısa, deyərdi ki, gətirməyin. Uşağım bir gün sonra yarışa çıxmalı idi. Hadisə baş verən gün anası da orada olub, mən işdə olmuşam. Məşq zalında səs-küy olub, anası səs-küyü eşidib iki dəfə içəri keçib. Amma məşqçi az qalıb ki, anasına da əl qaldırsın. Deyib ki, "qız kimi böyütmə". Məşqdən sonra Fərid çox halsız olub. Hətta uşaq altını isladıb".

Fəridin atası video ilə bağlı da bəzi faktları da qeyd edib: "Video təmiz çəkilməyib, amma 99 faiz həmin zaldır. Ziyadla Fərid eyni köynəkdə olanlardır. Orada vəhşicəsinə Fəridin və digər uşağın saçından tutub qaldırıb və dəfələrlə zərbələr endirib. Bu, insanlıq deyil, heyvanlıqdır, vəhşilikdir! Ondan qabaq da uşaq döyülmüşdü, çünki uşağı ora gətirəndə halsız idi. Mən axıra qədər bu işin arxasınca gedəcəyəm. Fikirləşməsinlər ki, azad olub çıxacaq. Ona ən ağır cəzanın verilməsini istəyirəm. Əlaqədar qurumlardan, hüquq-mühafizə orqanlarından mənə köməklik göstərilməsini xahiş edirəm".

 

 12-00

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.
Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
 
Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi  istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür.

Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir.
 
Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

 

qafqazinfo

Saglamolun.Az